Zahid Oruc: "Ermənilər öz həyatlarını Sarkisyan zülmündən xilas etmək üçün işğalçı ölkəni tərk edirlər"
Bildiyiniz kimi, son vaxtlar Ermənistan əhalisi Azərbaycan hökumətindən kömək istəyir və onları erməniçilikdən və S.Sarkisyan zülmündən xilas etmələrini xahiş edirlər. Bu, artıq işğalçı ölkə olan Ermənistanın bir dövlət olaraq çökməsi demək deyilmi? Bu məsələyə aydınlıq gətirmək üçün millət vəkili Zahid Oruca müraciət etdik.
Z.Oruc bildirdi ki, işğalçı ölkə olan Ermənistanın daxili, iqtisadi və sosial vəziyyəti çox ağır bir durumdadır. Demək olar ki, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edərək getməkdədir. Yəni, işğalçı ölkədə yaşayan əhalinin böyük bir hissəsi müxtəlif ölkələrə miqrasiya edərək, öz həyatlarını kənar dövlətlərin içərisində tapmaqdadırlar. Bu baxımdan, təkcə Azərbaycandan deyil, o cümlədən, kənar dövlətlərin ərazisində də məskunlaşmaq istəyən ermənilərin sayı kütləviləşib. Bu da işğalçı Ermənistanın ağır bir vəziyyətdə olması ilə bağlıdır. Ona görə də, həmin ölkənin vətəndaşları ayrı-ayrı ölkələrə üz tutaraq, kömək istəyirlər. Azərbaycana uzun müddət düşmən kimi yanaşmaq və onu hər hansı formada əlaqədən uzaq bir tərəf kimi qələmə verən Serj Sarkisyan rejimi artıq sadə xalqın üzərində işləyə bilmir. Tarixi proseslər zəminində hər zaman azərbaycanlıların yaradılmış obrazını indi ermənilərə sırımaq, onlara xeyli dərəcədə çətinlik törədir. Ən başlıca odur ki, ermənilər əvvəlki kimi ideologiya ətrafında deyil, daha çox real sosial problemlərinin həlli üzərində düşünürlər. Yəni, insanlar hansısa şərti gələcəyi əsas götürüb, öz ac vəziyyətlərini düzəltmək niyyətində də deyillər. Bir sözlə, həmin sadə ermənilər görür ki, Qarabağ kartı üzərində hakimiyyəti ələ keçirənlər, böyük vətənpərvərlik ideologiyasını əldə bayraq edərək, var-dövlət və vəzifə kürsüsünü ələ keçiriblər. Bir sözlə, bu gün işğalçı ölkə olan Ermənistanın daxili vəziyyətini gizlətmək mümkün deyil. Ona görə də, ermənilər öz həyatlarını S.Sarkisyan zülmündən xilas etmək üçün işğalçı ölkəni tərk edirlər. Çünki Ermənistanın heç bir siyasi gücü yoxdur. Bu vəziyyətdə də Azərbaycan dövləti ilə hər hansı bir rəqabət aparması qeyri-realdır.
GÜLYANƏ AĞAKƏRİMOVA