Bir qrup Səbail rayon gəncinin Azərbaycanın dilbər guşələrindən olan Qubadakı yay istirahəti başa çatıb
Böyüməkdə olan gənc nəslin yay istirahətinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Səbail rayon icra hakimiyyəti, DİN Daxili Qoşunları və Quba rayon icra hakimiyyətinin birgə layihəsinə yekun vurulmuş və layihə əsasında təşkil olunan "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü düşərgdə yeniyetmələrin yay istirahəti başa çatmışdır.
Avqust ayının 10-da Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində keçirilən növbəti tədbirin təntənli bağlanış mərasimi keçirildi. Qeyd edək ki, Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrin yaşadığı Bayıl, 20-ci sahə ərazisində, Badamdar, Bibiheybət qəsəbələrində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin, "SOS-Azərbaycan" uşaq kəndində və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən Xüsusi Ümumtəhsil İnternat Məktəbdə tərbiyə alan 250 nəfər uşaq Quba şəhərinin ən mənzərəli yerində yerləşən Quba Özəl Türk Liseyinin ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz "Şahinlər" yay istirahət düşərgəsində 2 həftə dincəldilər.Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər müxtəlif mövzularında məşğələlər, maraqlı görüşlər keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir. Qarabağ savaşında təcrübəli kəşfiyyatçı kimi iştirak edərək, bir sıra qəhrəmanlıqlar göstərmiş İbad Hüseynov və hərbi jurnalist Şəmistan Əlizamanlı ilə keçirilən görüş xüsusilə yaddaqalan oldu.Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova, DİN Daxili Qoşunların Qərərgah rəisinin birinci müavini, general-mayor Şahin Məmmədov, "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış oldu, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyə işlərində fərqlənən dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etdilər.Sonra yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirdilər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı isə xüsusi maraqla qarşılandı.Mərasimin sonunda respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da çıxış etdilər.Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr və onların validenyləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər.
RƏFİQƏ