PDF Oxu

Sosial

  • 49

İran rəsmiləri zəlzələ bölgəsindəki insan faciəsinə biganə qalırlar

Soydaşlarımıza göndərilən yardımlar ayətullah rejimi tərəfindən qəsb edilir

İran rəsmiləri zəlzələ bölgəsindəki insan faciəsinə biganə qalırlar

D.O.

148-53

Artıq bir neçə gündür ki, cənub qonşumuz olan İranın azərbaycanlılar yaşayan bölgəsində - Şərqi Azərbaycan ostanlıqlarında insanlıq dramı, ağır faciə yaşanmaqdadır. Təbii fəlakətin - zəlzələnin yaratdığı bu faciədə yüzlərlə insan həyatını itirmiş, yaralanmış, şikəst qalmış, minlərlə soydaşımız ac-susuz vəziyyətdə hələ də İran dövlətindən ciddi yardım gözləməkdədirlər. Lakin zəlzələdən bir neçə gün keçməsinə baxmayaraq, bir çox dövlətlərdən, eləcə də, Azərbaycandan göndərilən humanitar yardımlar nədənsə ayətullah rejiminin səlahiyyətliləri tərəfindən zərərdidələrə vaxtında və zamanında çatdırılmır. Nəticədə, ağır yaralılar çəkdikləri əzablardan tükənir, həyatlarını itirirlər. İnsanlar aclıqdan, susuzluqdan kifayət qədər əziyyətlər çəkməkdə davam edirlər. Və burada düşündürücü məqamlar, suallar ortaya çıxır. Nəyə görə məhz azərbaycanlıların kompakt yaşadıqları ostanlıqlardakı zəlzələ bölgəsinə İran rəsmilərinin münasibətləri bu qədər soyuqdur? Məgər onlar bu günə qədər iddia etmirdilərimi ki, həmin bölgədə yaşayanlar da İran vətəndaşlarıdırlar?

Acı günündə etnik siyasət rəzilliyi

Məhz bu səbəbdən, bir daha bəlli olur ki, İran rəsmilərinin soydaşlarımıza qarşı biganəlikləri tamamilə başqa tərəfdən qaynaqlanır. Və bunu hər necə olursa-olsun, fars şovinizmi adlandırmaq daha dəqiq olardı. Mövzunu bu çərçivədə təhlil etsək, belə qənaətə gəlmək mümkündür ki, zəlzələ baş verdiyi andan etibarən İran prezidenti nədənsə fəlakət bölgəsinə səfər etmədi. Bildiyimiz kimi, dünyanın bütün ölkələrində fövqəladə hallar baş verdiyi anda, həmin ölkələrin dövlət başçıları dərhal bu yerlərə səfərlər edir, vətəndaşlarının qayğılarını, problemlərini həll etməkdən ötrü əllərində olan bütün vasitələrdən istifadə edirlər. Amma təəssüf ki, İranda bu, baş vermədi. Dövlət rəhbərinin yerinə fəlakət bölgəsinə ən aşağı kateqoriyalı dəftərxana müdirləri, kiçik ranqlı dövlət rəsmiləri getdilər. Amma bu, heç nəyi həll etmədi. Çünki faciədə İran vətəndaşları zərər görsələr də, onların milli mənsubiyyətləri məhz azərbaycanlılardır.Etnik azlıq kimi daim rezin dəyənəklər, dar ağacları, şallaqlar altında ultramillətçi fars-şovinist rejiminin girovlarına çevrilmiş soydaşlarımız bu dəfə də Allahın ümidinə qalıblar. Və əbəs yerə deyil ki, bu günlərdə İran parlamentinin türk mənşəli deputatı öz kəskin çıxışında təbii fəlakət bölgəsində yaşanan insanlıq dramına etiraz səsini ucaltdı, İran rəhbərliyindən tələb etdi ki, etnik siyasətin çirkinliklərindən istifadə etməkdənsə, islam dəyərlərinə hörmət qoyaraq, ən azından Allahın buyurduğu qanunlara hörmətlə yanaşsınlar. Axı Şərqi Azərbaycanda zəlzələdən əziyyət çəkənlər azərbaycanlı olmaqları ilə yanaşı, həm də müsəlmandırlar!

İran mətbuatı fəlakət bölgəsindən səhih informasiya vermək yerinə "sionist rejim" axtarışına çıxır (?!)

Təəssüf ki, bu gün İranda belə bir faciənin yaşanmasına biganə yanaşan farsdilli mətbuat, dövlətə yaxın media qurumları da etinasız davranırlar. Dövlət televiziyası, həmçinin, özəl teleradio şirkətləri hadisə yerindən səhih məlumatlar çatdırmaq yerinə, hansısa "sionist rejim" axtarışlarını davam etdirirlər. Əslində, əzab-əziyyət çəkən azərbaycanlılara xüsusi "diqqət" göstərən fars-ayətullah rejimi bu vasitə ilə həm də mənəvi zərbələr vururlar. Təki əzilən də, ölən də etnik azərbaycanlı olsun. Təbii ki, Tehran rejimi istəmir ki, cənubundakı faciəyə məruz qalan insanlar Azərbaycandan olan qardaşlarının onlara yardım əlini uzatdığını bilsin. Əldə etdiyimiz informasiyalara görə, bu gün Ərdəbil, Təbriz, Urmiya və Zəncanda da hazırlıqlar görülməmişdi, yaralılar çöldə qalmışdılar. Yollar bağlanıb, yardım etməyə gedənlər də yardım edə bilməyiblər. Onu da xatırlamaq yerinə düşərdi ki, bir neçə il öncə Ərdəbil şəhərində, eyni zamanda, Zəncanda sonuncu dəfə zəlzələ olanda da, soydaşlarımız əzablar çəkdilər.Bu da onu göstərir ki, onlar Azərbaycanı və bütövlükdə azərbaycanlıları yad ölkə, yad varlıq kimi görürlər. Baş verənlər isə utancverici və insanlıqdan kənar amil kimi dəyərləndirilməlidir.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər