PDF Oxu

Sosial

  • 52

KTMT-nin Ermənistan təlimləri

Və yaxud işğalçı ölkəyə hərbi-siyasi dəstək

KTMT-nin Ermənistan təlimləri

Verilən xəbərlərdən də məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı gələn ay Ermənistanda hərbi təlimlər keçirməyə hazırlaşır ki, bu məsələ də region ölkələrinin diqqət mərkəzindədir. "Qafqaz-2012" adlandırılan təlimlərin genişmiqyaslı olması və bunun arxasında işğalçı ölkənin siyasi maraqlarının dayanması daha böyük narahatçılıq doğurur.

Bir müddət bundan öncə, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın açıqladığına görə, sentyabr ayında bu ölkədəki Rusiya hərbi bazasının da iştirakı ilə keçiriləcək təlimlərdə KTMT-nin mümkün müharibədə Ermənistana dəstəyi də sınaqdan keçiriləcək. Bu təlimlərin ardınca Rusiya Ermənistandakı 102-ci bazanın da iştirakı ilə irimiqyaslı "Qafqaz-2012" təlimlərinə başlayacaq.

Göründüyü kimi, Ermənistanda keçiriləcək təlimlər təkcə təşkilatdaxili deyil, həm də bilavasitə Rusiya-Ermənistan əməkdaşlığının da nümayişi olacaq. Bununla Rusiyanın nə demək istədiyi və Ermənistana hərbi dəstəyi açıq-aşkar nümayiş etdirilir. Ekspertlər Rusiya-Ermənistan birgə manevrlərinin Bakıya mesaj xarakteri daşıdığını deyirlər. Bununla Rusiyanın təkcə Azərbaycana deyil, həm də bütün region və MDB ölkələrinə güc nümayiş etdirəcəyi ehtimal olunur. Bu gün ikinci bir ölkə tapılmaz ki, KTMT-nin və yaxud Rusiyanın dəstək təlimlərinə ehtiyacı olsun. Yalnız Ermənistanın özünümüdafiə qüvvələrinin olmaması və hərbi sahəsinin günü-gündən zəifləməsi onun bu cür dəstəyə ehtiayc duymasına gətirib çıxarıb. Rusiya da bundan istifadə edərək, öz istəklərini reallaşdırmaq niyyətindədir. Bu istəklər isə onun ənənəvi hegemonluq və regionda ağalıq iddiaları ilə bağlıdır. Bir sözlə, Rusiya vassalını öz mənafeyi üçün istifadə edir.

KTMT-nin mövqeyinə və onun mövcudluq perspektivlərinə baxdıqda isə, bunun heç də yaxşı olmadığını demək olar. Təşkilatda birləşən ölkələr heç də tam müstəqil və suveren siyasət yeridə bilmir. Bu üzdən onlar formal da olsa, regional hərbi təşkilatda birləşib, Rusiyanın dəstəyinə sığınırlar. Ermənistan da məhz belə ölkələrdəndir. Özünün bir dövlət kimi heç bir hərbi qüvvəsi olmayan Ermənistan yalnız bu təşkilata qoşulmaqla özünü sığortalamağa çalışır. KTMT-nin təşkilata üzv ölkələrdən birinə hərbi müdaxilə olacağı təqdirdə, digərlərinin də ona yardım edəcəyi barədə razılaşma ən çox Ermənistana sərf edir.

KTMT baş katibi bir müddət bundan öncə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirərkən Ermənistana qarşı hər hansı düşmən addımı atılarsa, təbii ki, təşkilatına üzv olan dövlətlər ona müvafiq yardımı göstərəcəyini demişdi. Baş katib Ermənistanda Kollektiv Operativ Qüvvələrin planlaşdırılmış hərbi təlimləri, həmçinin, istifadə mərkəzlərinin tikilməsini də yüksək qiymətləndirib. Onun fikrincə, KTMT mövcud olduğu vaxtda gücünü sübut edib və istənilən tapşırıqları həll etmək üçün yetəri qədər güclü potensiala malikdir.

Eyni zamanda, təşkilat mütəmadi olaraq, Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək bəyanatları da səsləndirir. Cari ilin iyun ayında KTMT-nin baş katibi Nikolay Bordyuja Yerevanda bildirib ki, erməni hərbçiləri Azərbaycanla müharibəyə başlayacağı təqdirdə güc gələ bilməsələr, onlar özləri Ermənistana kömək edəcəklər. Bunu Azərbaycana qarşı təhdid kimi də qiymətləndirmək olar. Daha doğrusu, bu, Azərbaycana göndərilən bir ismarıc xarakteri daşıyır. Lakin Bordyuja yaxşı olardı ki, belə təhdidedici fikirlər səsləndirmək əvəzinə, təşkilata üzv olan ölkələri Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə çağırmasını təklif edərdi. Bu, həm beynəlxalq hüququn, həm də regionda sülh və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli məsələdir. Lakin görünür, təşkilat işğalçıya və işğalçılıq siyasətinə dəstək verməyi daha çox üstün tutur ki, bu da beynəlxalq hüquqa ziddir.

Göründüyü kimi, bu təşkilatın mövcudluğu yalnız Ermənistana sərf edir və Rusiyanın öz planlarını gerçəkləşdirmək baxımından önəmlidir. Digər dövlətlər isə yalnız Rusiyadan müəyyən asılılıqları olduğunudan, təşkilatda təmsil olunurlar. Bunu cari ilin iyun ayında Özbəkistanın təşkilatdan çıxması bir daha sübut etdi. Maraqlıdır ki, bu hadisə qurumun Ermənistanda bu ilin sentyabrında keçiriləcək təlimi ərəfəsində baş verdi. Qərblə münasibətləri yaxşılaşan Özbəkistanın bu addımı atmasının da səbəbinin məhz buna bağlı olması ehtimal olunur. Yəni artıq Rusiyaya ehtiyacı qalmayan Özbəkistan da təşkilatda təmsil olunmağın mənasız olduğunu başa düşdü. Bundan əvvəlki dövrdə də KTMT-nin ilk üzvləri olan ölkələrdən bir neçəsi təşkilatı tərk etmişdi.

Bu gün dünyanın yeganə hərbi-siyasi təşkilatı olan NATO-ya alternativ kimi yaradılan KTMT indiyə kimi özünü doğrulda bilməmiş və müstəqillik cəhətdən zəif olan ölkələri öz ətrafında birləşdirmişdir. Bu səbəbdən də, qurumun fəaliyyəti dünya dövlətləri tərəfindən ciddi qəbul olunmur. Qeyd etdiyim kimi, yalnız Rusiyanın maraqlarına xidmət edən təşkilat Putinin Rusiya prezidenti seçilməsindən sonra daha çox gündəmə gəlmiş və onun fəaliyyətinə diqqət artırılmışdır. Bu isə Rusiyanın müəyyən etdiyi yeni xarici siyasət konturlarına daha çox uyğun gəlir. Rusiya təşkilatda birləşən ölkələri öz nüfuzu altına salmaqla yanaşı, onlardan istifadə edərək, MDB məkanında ağalığını təmin etmək niyyətindədir.

Sentyabr ayında Ermənistanda keçiriləcək təlimlərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə öz mənfi təsirini göstərəcəyi də nəzərə alınmalıdır. Danışıqlarda qeyri-konstruktivlik göstərən Ermənistanın bu təlimlərdən və Rusiyanın dəstəyindən daha da ruhlanaraq, mövqeyini möhkəmləndirəcəyi istisna deyil. Bunun isə gələcək təhlükələr üçün şərait yaratdığını demək olar. Odur ki, dünya birliyi və Rusiya bu cür addımların atılmasına diqqət yetirməli və hərbi yoldan istifadə meyillərini azaltmalıdır. Əks təqdirdə, bu gün dünyada baş verən hərbi əməliyyatların Qafqazda təzahürünü görə biləcəyik.

Murad İSMAYILZADƏ

Digər xəbərlər