Oruc təkcə ac-susuz qalmaq deyil
On bir ayın sultanı Ramazanın varlığını isbat etmək və ya gücünü qəbul etdirmək üçün dəstəyə və təqdimata, hətta təqdirə belə ehtiyacı yoxdur. Çünki Ramazan ayı gücünü, üstünlüyünü və bərəkətini Qurani-Kərimdən alır, orucla möminlərin könüllərini fəth edir. Bu baxımdan, təqdimatını da bu xüsusiyyətləri ilə şəxsən özü edir.
Bu, elə bir aydır ki...
Qurani-Kərimin endirilməyə başladığı nurlu aydır Ramazan. Sevimli Peyğəmbərimiz Ramazan haqqında: "Bu, elə bir aydır ki, əvvəli rəhmət, ortası bağışlama və sonu cəhənnəm əzabından qurtuluşdur. Hər kim bu ayda xidmətçisinin yükünü yüngülləşdirsə, Allah da onu atəşdən azad edər" buyurub.
Dini ənənə və əmrlər göstərir ki, hər şeyi olduğu kimi, Ramazan ayını da Qurani-Kərim proqramlaşdırmaqdadır. Bu proqrama uyan ilk nümunə Peyğəmbər Əfəndimiz öz həyat tərzi ilə müsəlmanlara rəhbərlik edib.
Ramazan həm mənəvi, həm bioloji, həm də fiziki cəhətdən təmizlənmək üçün bir fürsətdir. İnsanı yeniləyən bir proqramdır. Ona görə də Allah bizə 30 günlük bir proqram ərməğan edib. Oruc təkcə ac-susuz qalmaq deyil. Oruc həm də mənəviyyatla təmizlənməkdir, pak olmaqdır. Bu mənada, orucun insanın tərbiyəsində, onun saflaşmasında, insan olaraq böyüməsində böyük rolu var. Qədir gecəsi isə Ramazanın, Orucun baş tacıdır. O mənada ki, bu ay, bu gün, bu gecənin insan ömrünə daha çox faydası var. Bu, o gecədir ki, Allah insanların bütün dualarını qəbul edir, onların arzularını yerinə yetirir, günahlarını bağışlayır və nəhayət, onların birillik və daha artıq həyatlarına saflıq qatır.
Min aydan daha xeyirli olan bir gecə
Ramazan ayından bəhs edərkən Rəsulullah (s.ə.s) buyururdu ki:
"Bu mübarək ayda hər kəs Allaha xoş gələn bir xeyir iş görərsə, o, digər aylarda bir fərzi yerinə yetirmiş kimidir. Bu ayda bir fərzi yerinə yetirənsə, digər aylarda 70 fərzi işləmiş kimi qazanar". Deməli, bu ay bizlərə bəxş edilən sonsuz qənimət nemətidir.
Hələ Qədr gecəsi! Min aydan daha xeyirli olan bu gecə də bu ayın içərisindədir. Bu mübarək gecənin həqiqi dəyərini, qədrini bilib, onu qiymətləndirməyi və bərəkətindən faydalana bilməyi Allah bizə nəsib etsin.
Mübarək Ramazan nəfsi cilalayır. Bu mübarək ayda verilən sədəqə də savab baxımından daha böyükdür. Sədəqə vermək qəlbdə Allah xofu olmaq və şükür nişanəsidir ki, bunlar da insanı Allaha daha da yaxınlaşdırır. İslam dininin əsas ayinlərindən biri olan orucu Allah müsəlmanlara məhz bu ay müddətində vacib etmişdir. İman əhli bu ayın gəlişini böyük sevinclə qarşılayır, fəxrlə vacib buyurulmuş orucu tutur, məmnunluqla bütün qaydalarına əməl etməyə cəhd edir.
Orucun insan sağlamlığına zərər yetirməsinə obyektiv əsas vardısa, (sağalmaz xəstəliyi olanlar, əldən düşmüş qocalar, eləcə də, hamilə və körpəyə süd verən qadınlar) oruc tutmaya bilər. Amma belə şəxslər imkan daxilində qayda üzrə gündə bir kasıbı doydurmalıdırlar.
Oruc tutmağın faydaları
Oruc tutmanın insan üçün birinci dərəcəli və ən böyük faydası mənəvi paklaşmadan ibarətdir. Oruc insanda dünya malına nəfsin tamahından çəkinmək qabiliyyətini formalaşdırır. Tam bir ay davamlı olaraq bütün Yer kürəsinin təxminən bir milyarda yarım insanı günahlara sipər olub, cəhənnəm odunun qarşısını kəsən oruca riayət edərək, ona böyük hörmət göstərirlər. Çünki cənnət qapılarının açıq olduğu, cəhənnəm qapılarının bağlandığı və lənətlənmiş şeytanların zəncirlənmiş olduğu bir ayda oruc tutan insan günahlarından və səhvlərindən azad ola bilər.
Oruc tutmağın xeyiri haqqında alimlərin dəyərli fikirləri var. Oruc orqanizmi illərcə toplanmış zəhərlərdən və müxtəlif çirkablardan təmizləyir. Orqanizmin immun sistemini gücləndirir və xəstəliklərlə mübarizə funksiyasını artırır. Artıq çəkidən və piylənmədən xilas edir. Oruc böyrəklərdə, sidik və öd kisəsində daşların əmələ gəlməsinin qarşısını alır. Oruc yüksək arterial təzyiqi aşağı salır. Kişi və qadınlarda potensiya səviyyəsini yüksəldir və övlad sahibi olmağa səbəb olur. Yaddaşın gücləndirilməsinə və artmasına səbəb olur. Müxtəlif patoloji vəziyyətdə olan mədə-bağırsaq traktını sağlamlaşdırır. Orqanizmin vaxtından tez qocalmasının qarşısını alır.
Cabir