Mais Səfərli: "Əbülfəz Elçibəyin ölümü ilə bağlı istintaq gedirsə, deməli, burada siyasətdən yox, cinayətdən söhbət gedir"
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin ölümündən 12 il ötür. Bu müddət ərzində dəfələrlə onun zəhərlənməsi ilə bağlı fikirlər səslənib, iddialar ortaya qoyulub. Nəhayət, məsələ ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb və araşdırmalara başlanılıb. Amma təəccüblü məqam ondan ibarətdir ki, Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin qaldırılması onun silahdaşları tərəfindən ciddi narahatlıqla qarşılanıb. Əli Kərimovun, İsa Qəmbərovun cinayət işini siyasiləşdirməyə cəhd göstərmələri, onların Əbülfəz Elçibəyin zəhərlənməsində rolunun olduğunu deməyə əsas verə bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün "Yurddaş" partiyasının sədri Mais Səfərliyə müraciət etdik.
M.Səfərli vurğuladı ki, Ə.Elçibəyin ölümü ilə bağlı müxtəlif reaksiyalar var. Ona görə də, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Çünki Ə.Elçibəy adi vətəndaşlardan deyil. Yəni, müəyyən bir vaxt Ə.Elçibəy Azərbaycan dövlətinə başçılıq etmiş bir şəxs olub. Ona görə də kimin narahat olub-olmamasından asılı olmayaraq, bu məsələ ilə bağlı ciddi istintaq aparılmalıdır.
Partiya sədrinin sözlərinə görə, əgər Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı istintaq gedirsə, deməli, burada siyasətdən yox, cinayətdən söhbət gedir. Yəni, Ə.Elçibəyin ölümü ilə bağlı siyasətdən söhbət gedə bilməz. Çünki bu siyasi məsələ deyil ki, siyasiləşdirilsin. Amma sözügedən məsələdə kimin əlinin olub-olmamasından asılı olmayaraq, ciddi istintaq aparılmalıdır. Əgər Ə.Elçibəylə bağlı bu cür cinayət törədilibsə, instintaq onu qanunlar çərçivəsində üzə çıxarmalıdır. Aşkar olunan faktlara görə də hüquqi qiymət verilməlidir.
Partiya sədri sonda müxalifət partiya sədrlərinin bir-birini qəbul etməməsi məsələsinə də toxunaraq bildirdi ki, müxalifət düşərgəsində partiyalara rəhbərlik edən liderlərin bir-birini gözü götürməmələri onların ən böyük xəstəliklərindən biridir. Demək olar ki, heç vaxt müxalifət partiya sədrləri bir-birinə güzəştə getməyib və gedən də deyil. Bu da onların siyasi intiharlarını şərtləndirən əsas amillərdəndir.
GÜLYANƏ