PDF Oxu

Sosial

  • 50

Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı vacibdir

Zahid Oruc: "Tamam başqa mexanizmlər ortaya çıxa bilər"

Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı vacibdir

Bu günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi yenidən gündəmdədir. Bir müddət bundan öncə, İslam Əməkdaşlıq Təşkilatının münaqişə ilə bağlı qəbul etdiyi bəyanat, Ermənistanın işğalçılıq mövqeyini tənqid etməsi islam ölkələrinin münaqişəli vəziyyətdən narahat olduqlarını bir daha göstərdi. Bundan sonra isə bu günlərdə Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında da məsələ gündəmə gətirildi.

Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın bu münaqişənin həllində tutduğu qeyri-konstruktiv mövqeyi kəskin tənqid edib. Ə.Davudoğlu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyin saxlanmasını əngəlləyən bir maneədir. Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır və bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik.

Türkiyənin münaqişənin həllində göstərdiyi səy və maraq onun tərəflər arasında vasitəçi kimi fəaliyyət göstərməsinin zəruriliyi barədə ictimaiyyətdə geniş bir rəyin yaranmasına səbəb olub. Ötən ay ATƏT PA-nın yeni seçilmiş sədri Rikardo Miqliori də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamada sədrliyi dövründə münaqişənin həllinə yüksək diqqət göstərəcəyini bildirib. Miqliori də, öz növbəsində, Türkiyənin münaqişənin həllinə yaxından cəlb olunması ilə bağlı mövqeyini ortaya qoyub. Onun fikrincə, Türkiyənin məsələnin həllində nə dərəcədə effektiv olacağını görmək üçün onun münaqişənin həllində rolunun artmasına imkan yaratmaq lazımdır.

Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə fəal şəkildə cəlb olunmasının vacibliyi bu ölkənin getdikcə artan nüfuzundan irəli gəlir. Türkiyə son illər dünyanın müxtəlif yerlərində, o cümlədən, Yaxın Şərqdə və Şimali Afrikada baş verən siyasi proseslərdə fəal rol oynayır. Cənubi Qafqaz isə uzun illər Türkiyənin diqqət mərkəzində olub. Buna görə də Türkiyənin malik olduğu potensialın bu münaqişənin nizamlanmasına cəlb olunması vasitəçi ölkələr arasında tarazlığın bərpa olunmasına səbəb ola, digər tərəfdən isə bu prosesə dinamiklik qata bilər.

Türkiyənin münaqişənin həllində rolu və tutacağı mövqe, eyni zamanda, ümumilikdə, ATƏT-in münaqişənin həllində rolu barədə bizimlə fikirlərini bölüşən millət vəkili Zahid Oruc Türkiyənin münaqişənin həllində iştirakının fərqli mexanizmlərin ortaya çıxması ilə müşahidə olunacağını istisna etmir.

"Təhlükəsizliyə cavabdeh olan bu qurum 20 ildir ki, münaqişənin həllində kəsərli addım atmaqda acizdir. Yaxud da regiondakı əsas maraqların və geosiyasi planların girovuna çevrilmişdir. Bu dövr ərzində biz müxtəlif dəyişən maraqlar görmüşük. Onların simpatiya və antipatiyası ilə qarşılaşmışıq. Bizim üçün önəmli ATƏT-in dəyişən sədrləri yox, regiondakı işğalın aradan qaldırılmasıdır. Bunun üçün də ATƏT təcavüzkara qarşı sanksiya rejiminin işə düşməsində ciddi addımlar atmalıdır. Düşünməyin ki, ABŞ, Rusiya və yaxud da Fransa regiondakı bu vəziyyətdən razıdırlar. Hər an onların bölgədəki maraqları zədələnə və hərbi reallıq işə düşə bilər.

Məsələnin ikinci tərəfi Türkiyənin bu məsələdə hansısa mövqedə yer almasıdır. Onun ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birinə çevriləcəyinə inanmıram. Çünki dünyanın güc mərkəzləri sayılan dövlətlər də, Türkiyənin regionda nüfuzunun artmasından narahat olan dairələr də, həmçinin, bu məsələdə bilavasitə iştirak etməli olan Ermənistan da Türkiyənin bu iştirakına qarşı bir savaş aparırlar. Onlar bunu özləri üçün ölüm sayırlar. Lakin ötən dövr ərzində Azərbaycan Türkiyə ilə elə bir yaxınlaşma və maraqlarının birgələşməsi siyasətini yürütdü ki, faktiki olaraq, Dağlıq Qarabağ məsələsi Türkiyə xarici siyasətini ən başlıca istiqamətinə çevrildi. Cənab Prezidentin təşəbbüsü ilə gündəmə gəlmiş və sonradan imzalanmış sənədlərdə yenə də Azərbaycanın müraciəti əsasında Türkiyənin Azərbaycanın təhlükəsizliyində iştirakı müddəası yer almışdır. Bu, o deməkdir ki, 90-cı illərin ortaları deyil və Türkiyənin qeyri-rəsmi köməyindən daha irəliyə gedərək, açıq müstəvidə Türkiyə ilə Azərbaycan arasında fərdi-siyasi əlaqələrin böyük bir bazası formalaşıbdır. Bu mənada, Türkiyənin Qarabağ məsələsinə daha yaxından qatqısı bizim siyasətimizdir. Düşünürəm ki, bu amil bölgədəki güclərə təsir göstərir. Yəni Rusiya, İran və digər dairələr Qarabağ üçün hazırladıqları planda Türkiyə amilini nəzərə almırlar. Bu, Azərbaycanın mövqeyini gücləndirən amildir. Bizim üçün başlıca məsələ Qarabağı Türkiyə üçün yükə çevirmək deyil. 20 il ərzində biz də qardaş ölkənin problemlərini özümüzünkü saymışıq. Bu mənada, bizim gələcək hədəfimiz Türkiyənin bölgədəki prosesə yaxından təması şəraitini formalaşdıraraq digər yad maraqların, dairələrin mövqeyini neytrallaşdırmaqdır. Belə olan təqdirdə, artıq gələcəkdə məsələnin həllinin fərqli-fərqli yolları meydana çıxa bilər. Söhbət təkcə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən getmir, tamam başqa mexanizmlər ortaya çıxa bilər."

Murad İSMAYILZADƏ

Digər xəbərlər