PDF Oxu

Sosial

  • 37

Azərbaycan dünya mətbuatında

Mərakeşin nüfuzlu "əl-Aləm" qəzeti Azərbaycan həqiqətlərindən yazır

Azərbaycan dünya mətbuatında

Mərakeşdə yüksək tirajla çıxan və geniş oxucu kütləsinə malik "əl-Aləm" (bayraq) qəzetində "Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi: iki ölkə arasında əməkdaşlıq perspektivləri geniş və müxtəlifdir. Bu perspektivləri müdrik siyasi iradə dəstəkləyir" sərlövhəli geniş məqalə dərc edilib.

Məqalənin müəllifi, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi M.Fəqiri ölkələrimiz arasında diplomatik əlaqələrin qurulduğu 1992-ci il 25 avqust tarixini əlamətdar gün kimi qiymətləndirib. Müəllif müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının ərəb ölkələri, o cümlədən, Mərakeş Krallığı ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini xüsusi qeyd edib.

Məqalədə iki ölkənin mərhum rəhbərləri - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilə Kral II Həsən arasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilmiş zirvə toplantısı çərçivəsində baş tutmuş tarixi görüşdən bəhs edilib.

Yazıda həmin görüşdə iki qardaş ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirə edildiyi diqqətə çatdırılıb. Müəllif Azərbaycan-Mərakeş münasibətlərinin bugünkü yüksək səviyyəsini həmin görüşün bəhrəsi kimi qiymətləndirib. Məqalədə mərhum rəhbərlərin qoyduğu ənənələrin bu gün Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Yazıda, xüsusilə, son illərdə Azərbaycanın əldə etdiyi mühüm iqtisadi və siyasi nailiyyətlər haqqında ətraflı məlumat verilib.

Müəllif Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini qeyd edib. Məqalədə, həmçinin, vurğulanıb ki, işğalçı ölkə BMT, İƏT və digər beynəlxalq təşkilatların Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən qərarlara hələ də məhəl qoymur.

Respublikamızın hazırda təkcə regionda deyil, bütün dünyada güclü və mühüm dövlətə çevrildiyinə nəzər salan M.Fəqiri Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərdən bəhs edib.Müəllif Azərbaycanın sülhsevər dövlət olduğunu vurğulayıb.

Məqalədə Azərbaycan ilə Mərakeş arasında siyasi əlaqələrin yüksək səviyyəsi, beynəlxalq təşkilatlar çərçivəsində sabit və davamlı qarşılıqlı dəstək məmnunluqla qeyd edilmiş, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 13 sazişin imzalandığı, 20-dək sənədin isə baxılmaqda olduğu vurğulanıb.

Müəllif Azərbaycanın Rabatdakı səfirliyi tərəfindən keçirilən xeyriyyə tədbirlərini də qələmə alıb. Məqalənin sonunda qarşıdakı günlərdə Azərbaycanın Mərakeşdəki səfirliyində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmiş təntənəli tədbirin keçiriləcəyi haqqında da məlumat verilib.

ZÜMRÜD

Digər xəbərlər