Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi barədə prokurorluğa müraciət edib. Məsələ ilə əlaqədar QHT-lərin münasibətini öyrəndik.
"Milli QHT Forumu"nun prezidenti Rauf Zeyni:
- Qeyd etdiyiniz məsələ, siyasi bir məsələdir. Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları, müvafiq qurumlar araşdırma aparıb öz münasibətlərini bildirəcəklər. Biz bu məsələyə hüququn aliliyi prinsipindən yanaşırıq və hesab edirik ki, araşdırılsın və həqiqət aşkara çıxsın.
"Hüquqi və Demokratik İslahatlar Mərkəzi"nin sədri İlham Əliyev:
- Bu məsələ ilə bağlı artıq cinayət işi açılıb, araşdırma gedir. Qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb və məsələyə hüquqi qiymət verəcək. Ona görə müxalifət təmsilçilərinin bu məsələnin siyasiləşdirməsinə ehtiyac yoxdur. Bütün hallarda hər kəs qanun qarşısında bərabərdir və məsələyə də bu prizmadan yanaşılacaq. Kimliyindən asılı olmayaraq, əməlində cinayət tərkibi varsa, həmin şəxsdə məsuliyyətə cəlb olunmalıdır. Düşünürəm ki, istintaq yekunlaşdıqdan sonra hüquq- mühafizə orqanları bu məsələyə münasibət bildirəcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı:
- Hesab edirəm ki, burada təəccüblü bir şey yoxdur. Hafiz Hacıyev partiya sədri kimi Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı prokurorluğa müraciət etməsi onun konstitusion hüququdur. Təbii olaraq, bu barədə cinayət işi başlanmalıdır. Burada hər hansı bir qüvvənin siyasi çalar axtarmağına ehtiyac yoxdur. Bu mənada, hesab edirəm ki, Əli Kərimli ilə bağlı cinayət işinin başlanması tam təbiidir. Yəni onun partiya sədri olması onun qanunlardan yayınmasına əsas verə bilməz. Əgər bu adamlar, həqiqətən də, hesab edirlər ki, Ə.Elçibəyin ölümündə Ə.Kərimovun əli yoxdur, o zaman sakit şəkildə istintaqın gedişini gözləməlidirlər. Amma onların hazırkı hadisələri qabaqlamaq cəhdi, bu məsələ ətrafında şou düzəltmək istəyi, onu göstərir ki, bu məsələnin çox ciddi araşdırılmasına ehtiyac var. Bütün Azərbaycan ictimaiyyəti bu məsələnin sonunu gözləyir. Mən birmənalı şəkildə onun tərəfdarıyam ki, istintaqın gedişini gözləməliyik. Amma onu da qeyd edim ki, bu məsələdən siyasi şou düzəldənlərin əməlini qətiyyətlə pisləyirəm.
Babək Hacıyev