PDF Oxu

Sosial

  • 50

"16-lar"ın perespektivi yoxdur

Aydın Mirzəzadə: "Üzdə olan liderləri, nəinki prezidentliyə namizəd olmağa, heç müxalif cinahın liderliyinə layiq bilmirəm"

"16-lar"ın perespektivi yoxdur

Son vaxtlar hakimiyyətə opponentlik edən bəzi qüvvələr bir tərəfdən 2013-cü il seçkilərinə qeyri-rəsmi olsa da, hazırlıqlarına start veriblər, "vahid namizəd" axtarışına çıxıblar, digər tərəfdən yeni qurumlar yaradaraq, bildirirlər ki, indiki şərtlər daxilində, yəni seçki mühitinin demokratikləşdirilmədiyi, Seçki Məcəlləsinin, seçki komissiyalarının daha demokratik əsaslarda formalaşdırılmadığı bir şəraitdə seçkiyə getməyin mənası yoxdur. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bu və digər məsələlərlə bağlı münasibət bildirib: "Bilirsiniz, müxalifətin bu arqumentləri artıq illərdir təkrarlanır və həmin arqumentlərə illərdir əsaslı cavab verilir və onlar da həmin cavabla razılaşmalı olurlar. Birincisi, seçki komissiyaları onların təklif etdiyi müxalifət və iqtidarın 50-50-yə variantı ilə təşkil edilmir.

Ancaq sual olunur, kimin iqtidar, kimin müxalifət olduğunu kim müəyyənləşdirəcək? Sual olunur, əgər seçki prosesində həmin o müəyyən edilən qüvvələrdən biri öz mövqeyini dəyişəcəksə, onda məsələ nə cür həll olunacaq? Sual olunur, seçki keçirildi və komissiya üzvündən- ya iqtidar, ya müxalifət tərəfi seçkinin nəticələrini qəbul etmədi. Həmin halda hakimiyyət - icraedici və yaxud qanunverici hakimiyyət nə cür formalaşacaq? Göründüyü kimi, bu sualların heç birinə müxalifət cavab verə bilmir. Digər tərəfdən, belə bir təəssürat yaranır ki, Azərbaycan müxalifətini seçki keçirilməsi deyil, seçkidə onun qələbəsinin təmin edilən mexanizminin olması maraqlandırır. Onlar ədalətli seçki deyil, məhz özlərinin hakimiyyətə gəlməsini təmin edən bir mexanizm tələb edirlər. Bu isə mümkün olan bir şey deyil. Seçki mühiti, seçki mexanizmi kiminsə hakimiyyətə gəlməsi üçün deyil, vətəndaşların ümumi rəyinin ortaya qoyulması üçündür".

Dağıdıcı müxalifətin "vahid namizəd" axtarışının necə olacağına da aydınlıq gətirən millət vəkili bildirdi ki, "vahid namizəd" həmin cinaha, o vaxt sərf edir ki, kimsə məhz öz namizədliyini təbliğ edə bilsin: "Toplananların yerini dəyişəndə, riyaziyyatda bir düstur var, cəm dəyişmir. Yenidən onlar arasında separat danışıqlar, yenidən qısa müddətə sabun köpüyü kimi yaradılmış seçki blokları, yenidən qarşılıqlı ittihamlar və seçkidən sonra heç nə olmamış kimi əvvəlki ittihamları, təhqirləri, bir-birilərini aşağılayan fikirləri unudaraq yenidən, belə deyək ki, süni bir dostluq ittifaqlarının yaradılması özünü büruzə verəcək. Bunlar hamısı görüntülərdə olan məsələdir. Ümumilikə, müxalifətin bu seçkilərdə də qalib gəlməsi mümkün deyil. Bu gün müxalifət liderləri düşünürsə ki, insanlar sadəcə, kiminsə bəlağətli ifadəsinə görə onları seçəcək, yanılırlar. Hesab edirlərsə ki, bu gün iqtidarın milyonlarla tərəfdarları öz əqidəsini dəyişəcəklər, onlar yenə səhv edirlər. Bu gün iqtidar milyonlarla insanları öz ətrafında birləşdirən və effektli fəaliyyət göstərən bir qüvvədir. İqtidarın gücü insanların düşüncəsindədir, insanların onlara inamındadır, insanların onu müdafiə etməyindədir. Sadə vətəndaş problemlərinin həll edildiyini, bu gün təhlükəsiz və inkişaf edən ölkədə yaşadığını görəndə, heç bir tərəddüd etmədən öz namizədini, öz iqtidarını müdafiə edəcək. Və biz bugünkü Azərbaycanda bunu görürük. Qaldı ki, İsa Qəmbərov, Əli Kərimov, Rəsul Quliyev və Lalə Hacıyevanın "vahid namizəd"liyə iddia etmələrinə, bunların heç birini bu gün, hətta öz cinahlarının liderləri və namizədləri olmağa layiq bilmirəm".

A.Mirzəzadə dağıdıcı müxalifətin yaratdığı "16-lar"ın fəaliyyətinə də aydınlıq gətirərkən bildirib ki, adıçəkilən və bundan əvvəl yaradılan hər hansı qurum və blokların heç bir perespektivi yoxdur. Onların istənilən situasiyada yaratmış olduqları birlik və toplumlar ancaq müəyyən xarici maliyyə vəsaitlərinin qoparılmasına xidmət edir.

R.Hüseynova

Digər xəbərlər