Çingiz Qənizadə: "Onlar hər zaman dezinformasiyaları ortaya atıb, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırlar "
Bir neçə gün bundan öncə, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan Azərbaycanda orta məktəb dərsliklərinə iradları ilə çıxış edib. Onun fikrincə, bu dərsliklərdə ermənifobiya, rasizm və ksenofobiya kimi əlamətlər yer alır. O, bu məsələni AŞPA-nın növbəti sessiyasında müzakirəyə çıxarılmasına nail olmaq istədiyini də gizlətməyib. Xatırladım ki, AŞPA-nın iyul sessiyasında da N.Zöhrabyan Azərbaycan dərsliklərinin beynəlxalq ekspertizası ilə bağlı məsələ qaldırmışdı.
Onun fikrincə, bu dərsliklər Avropa Şurasının dəyərlərinə ziddir. Əsas dəlil kimi isə dərsliklərə ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərin əks olunması göstərilir. Yəni erməni deputat Azərbaycanda torpaqlarının işğal olunması faktının və ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin şagirdlərə çatdırılmasını istəmir ki, bu da tarixin danılması deməkdir. Bu, heç də N.Zöhrabyanın azərbaycanlı uşaqların qayğısına qalmaq istəyindən irəli gəlmir. Sadəcə olaraq, o, bununla tarixi gerçəkliyin dərsliklərdən çıxarılmasına, gələcək nəsillərin erməni təcavüzü və işğalı ilə bağlı məlumatlarının olmamasına çalışır ki, bu da heç bir halda mümkün olan məsələ deyil. Hər bir xalqda olduğu kimi, Azərbaycan xalqının da öz tarixini bilməyə, baş vermiş müharibənin səbəbini və nəticələrini öyrənməyə haqqı var. Ermənilərin uydurma tarixinin bu gün nəinki dərsliklərdə məktəblilərə öyrədilməsi, hətta bütün dünyaya təbliğ edilməsinin müşahidə olunduğu bir vaxtda onlar hansı dəyərlərdən danışa bilərlər?Artıq bütün dünya tərəfindən tanınan erməni işğalı faktının və yaxud Xocalı soyqırımının ölkəmizdə tədrisinin N.Zöhrabyanın belə reaksiyasına səbəb olması isə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti ilə bağlıdır. Bunu millət vəkili Çingiz Qənizadə də, məsələ ilə bağlı münasibətini bildirərkən, bir daha təsdiqlədi. "Azərbaycanın orta məktəb dərsliklərində belə bir şey yoxdur. Bu dərsliklərdə erməni vəhşiliyi, ermənilərin türk xalqına, türk dünyasına olan münasibəti, Ermənistanın 1988-ci ildən bu yana Azərbaycana qarşı tutduğu mövqe ilə bağlı kifayət qədər tutarlı, layiqli informasiyalar var. Necə ola bilər ki, biz alman faşizmini öyrənək, amma ermənilərin ondan da artıq irəli getdiyi bir vəhşiliyi tədris etməyək? O ki qaldı AŞPA-da bunun müzakirəyə çıxarılmasına, bu, absurddur və baş tutmayacaq bir məsələdir. Onlar hər zaman bu cür dezinformasiyaları ortaya atır, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırlar. Əminəm ki, Azərbaycan nümayəndə heyəti də bu məsələyə layiqli cavab verəcək və digər ölkələrdən olan deputatları düzgün mövqeyə yönəldə biləcəklər."
MURAD