PDF Oxu

Sosial

  • 61

Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar keçirilib

Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar keçirilib

Avqustun 28-də Bakıda TÜRKSOY, İSESKO və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar öz işin başlayıb. Seminarda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan kütləvi informasiya vasitələrinin, həmçinin, TÜRKSOY-un və İSESKO-nun nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı tədbirin əhəmiyyətindən danışaraq, onun Azərbaycanda keçirilməsinin heç də təsadüf olmadığını qeyd edib. Gələn il TÜRKSOY-un 20 illik yubileyinin qeyd olunacağını vurğulayan E.Qafarlı Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış bu qurumun bir çox beynəlxalq layihələrə imza atdığını bildirib. Qeyd olunub ki, uğurlu fəaliyyətlərlə dolu bu 20 il türkdilli xalqların mədəni həyatının canlanması baxımından qızıl illər kimi qiymətləndirilir. Onun sözlərinə görə, türk mədəniyyətinin yüksək səviyyəyə çatmasında TÜRKSOY-un da rolu böyükdür. Milli mədəniyyətin və ənənəvi dəyərlərin əhəmiyyət qazandığı son dövrdə TÜRKSOY çoxtərəfli mədəni əməkdaşlıq istiqamətində mühüm işlər görmüşdür. E.Qafarlı mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolunun əvəzedilməz olduğunu bildirib: "Türk mədəniyyətini dünyaya təqdim edən jurnalistlərə üç ildir ki, "TÜRKSOY-un mətbuat mükafatı" təqdim edilir. Diqqətə çatdırılıb ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsində KİV-lərin iştirakının daha da artırılması və rolunun inkişafı istiqamətində beynəlxalq mədəni təşkilatların diqqət və dəstəyi davam edir. Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində medianın rolu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməlidir. Sonra seminarda İSESCO-nun baş katibinin müavini Muhtar Ahmedin adından təşkilatın müraciəti oxunub. Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan mədəniyyətinin təbliğində bir çox işlərin göründüyünü bildirib və mədəniyyətlərarası dialoqun çox vacib bir məsələ olduğunu qeyd edib. Bildirib ki, bu, artıq qlobal bir prosesə çevrilmiş və Azərbaycan bu prosesin əsas tərəfdaşıdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüslər mədəniyyətlərarası dialoqun inkişafında böyük əks-sədaya səbəb olmuşdur. O, qeyd edib ki, mədəniyyətlərarası dialoqun inkişafında mediadan çox şey asılıdır. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, hazırda mədəniyyətlərarası dialoqun sağlam məcrada inkişaf etdirilməsi məsələsi olduqca aktualdır. Bəşəriyyətin indiyə qədər keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərarası dialoq olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva da mədəniyyətlərarası dialoqun inkişafı rolundan danışıb. O, qeyd edib ki, bu gün bu sahədə vəziyyət mənfiyə doğru gedən tendensiyadadır. "Mədəniyyətlərarası dialoqa gərginlik getdikcə artır. Burada media ən böyük gücdür, media istəsə bu gərginliyi artırar, istəsə bu sahədə ciddi inkişafa nail ola bilər", - Paşayeva bildirib. O, medianı bu istiqamətdə maarifləndirməyə diqqət yetirməyə və obyektiv iş aparmağa çağırıb. Çıxışlardan sonra "Qərbə doğru axan çay" filminin təqdimatı keçirilib. Qeyd edək ki, beynəlxalq seminar üç gün davam edəcək. Proqrama əsasən seminar iştirkaçılarının Milli Televizya və Radio Şurasında, Türkdilli ölkələrin Parlament Assambleyasında, Mədəniyyət və Turizm Nazirliyində və Mətbuat Şurasında görüşləri nəzərdə tutulub.

ZÜMRÜD

Digər xəbərlər