PDF Oxu

Sosial

  • 54

Ermənistan özünü cəzasızlıq şəraitində hiss edir

Elşad Mirbəşiroğlu: "ATƏT Parlament Assambleyasının yeni sədri Rikardo Miqliorinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həllinə çox böyük bir stimul rolunu oynayacaq"

Ermənistan özünü cəzasızlıq şəraitində hiss edir

ATƏT Parlament Assambleyasının yeni sədri Rikardo Miqliori bəyanatla çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyənin aktivliyinin artırılmasına ehtiyac olduğunu və münaqişənin həllinə rəsmi Ankaranın cəlb olunmasının vacibliyini bildirib. Sizcə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunmasına nə dərəcədə töhfələr verə bilər? ATƏT Parlament Assambleyasının yeni sədrinin məlum bəyanatı, onu deməyə əsas verirmi ki, Dağlıq Qarabağ probleminin həllində, həqiqətən də, beynəlxalq təşkilatlar və güclər zəiflik nümayiş etdirirlər? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.

E.Mirbəşiroğlunun sözlərinə görə, uzun zamandır ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin müsbət həllinə çalışır. Yəni, Türkiyənin ATƏT-in Minsk Qrupu həmsədrliyində təmsil olunması və münaqişənin tənzimlənməsi istiqamətində tam hüquqlu bir tərəf kimi fəaliyyət göstərməsini istəyib. Amma beynəlxalq ictimaiyyətin bu məsələyə münasibəti birmənalı olmayıb. ATƏT Parlament Assambleyasının yeni sədri Rikardo Miqliorinin belə bir bəyanatla çıxış etməsi Dağlıq Qarabağ məsələsinin müsbət həllinə çox böyük bir stimul rolunu oynayacaq. Türkiyənin münaqişənin tənzimlənməsi prosesində tam hüquqlu iştirakı Azərbaycanın maraqlarına cavab verir. Dağlıq Qarabağ münaqişəsində irəliyə doğru ciddi bir addım atılması baş verəcəkdir: " Bildiyiniz kimi, Türkiyədə çox böyük Azərbaycan təəssübkeşliyi var. Qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünün istənilən vasitələrlə təmin olunmasına çalışır. Bu baxımdan, Türkiyə bütün vasitələrlə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışacaqdır. ATƏT Parlament Assambleyasının yeni sədrinin bu cür bəyanat səsləndirməsi, Türkiyənin prosesə ciddi qoşulması üçün çox əhəmiyyətli əsas rolunu oynayacaq".

Politoloq onu da bildirdi ki, uzun zamandır ki, belə bir fikir formalaşıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ikili standartlardan çıxış edilir. Yəni, məsələyə qeyri-obyektiv yanaşılır. Münaqişənin tənzimlənməsi prosesində hər hansı bir ciddi nəticənin əldə olunmamasının səbəbi məhz bu kimi ikili yanaşmaların olması ilə bağlıdır. İşğalçı Ermənistana bir növ himayədarlıq hiss olunmaqdadır. Ermənistan da özünü cəzasızlıq şəraitində hiss edərək, yaramaz siyasətini davam etdirir. ATƏT-in Minsk Qrupu Ermənistana təzyiqlər etməli olduğu halda və BMT öz qətnamələrinə hörmətlə yanaşacağı təqdirdə, bu münaqişə həllini tapa bilərdi. Amma bu təşkilatlar, yəni istər ATƏT, istər BMT, istərsə də digər təşkilatlardan kənar dövlətlər bu məsələyə erməni təəssübkeşliyi hissi ilə yanaşdıqlarına görə, Dağlıq Qarabağ münaqişəsi bu günə kimi öz həllini tapmayıb. Halbuki kifayət qədər hüquqi əsas vardır ki, Ermənistan işğalçılıq siyasətindən çəkindirilsin. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində qeyri-obyektivlik, qeyri-konstruktivlik nümayiş etdirirlər. Demək olar ki, bu günə qədər də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini ləngidən, məhz bu kimi məsələlər olub. Burada Türkiyənin iştirakı təmin olduqdan sonra, münaqişənin tənzimlənməsində irəliliyə doğru hər hansı bir addım atıla bilər.

GÜLYANƏ

Digər xəbərlər