Milli qəhrəman Şövqiyar Abdullayevə həsr olunmuş kitab oxuculara təqdim olunub
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, cəsur döyüşçü, tank komandiri, rəşadətli kəşfiyyatçı Şövqiyar Abdullayevin anım tədbiri keçirildi. Tədbirdə, həmçinin, milli qəhrəmana həsr olunmuş kitab da geniş ictimaiyyətə təqdim olundu.Tədbiri giriş sözü ilə açan "Şövqiyar" kitabının redaktoru, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Hikmət Məlikzadə bildirdi ki, tədbirin əsas məqsədi 20 il bundan öncə, torpaqlarımızın azadlığı uğrunda həyatını itirmiş Şövqiyar Abdullayevi anmaq, onun keçdiyi şərəfli döyüş yoluna nəzər salmaq, və onun haqqında işıq üzü görmüş "Şövqiyar" kitabını iştirakçılara təqdim etməkdir. H.Məlikzadə öz çıxışında Şövqiyarın həyat yolu və qəhrəmanlıq xüsusiyyətləri barədə danışaraq, onun Dağlıq Qarabağ müharibəsi zamanı onlarla qəhrəmanlıq nümunələri göstərdiyini qeyd etdi.
O, ermənilər tərəfindən Şövqiyarın başına pul qoyulmasının da təsadüfi olmadığını və bunun da, məhz onun qəhrəmanlığının göstəricisi olduğunu bildirdi. Şövqiyar Cəmil oğlu Abdullayev 5 aprel 1969-cu ildə Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndində müəllim ailəsində dünyaya göz açıb. 1986-cı ildə doğulduğu kənd məktəbində orta təhsilini başa vurmuş və Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdu. 1989-cu ildə həqiqi hərbi xidmətə çağırılmış və Monqolustanda tank qoşunları tərkibində xidmət keçmişdi.Şövqiyar hərbi xidmətdən təxris olunanda ailəsi Göyçə mahalını tərk etmiş, Bakıya pənah gətirmişdi. Təhsilinin sonuncu kursunda könüllü olaraq cəbhəyə yazılmış Şövqiyar Ağdamda yaradılmış tank briqadasına göndərilib. Ağdamın Papravənd, Pircamal, Aranzəmin, Dranbon və s. kəndləri uğrunda amansız döyüşlərə qatılmış və düşmənə sarsıdığı zərbələr endirmişdi.1992-ci il avqustun 27-də xalqımızın qəhrəman oğlu, cəsür döyüşçü, rəşadətli kəşfiyyatçı və tank komandiri Şövqiyar Cəmil oğlu Abdullayev döyüş dostlarının qucağında dünyasına vida edib. Qəhrəman 1992-ci il avqustun 29-da Şəhidlər Xiyabanında dəfn edilib.Ümummilli Lider Heydər Əliyevin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Şövqiyar Cəmil oğlu Abdullayevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Anım tədbirində çıxış edən qəhrəmanın atası Cəmil Abdullayev də oğlunun 23 yaşında vəfat etməsinin indi də onu kədərləndirdiyini, lakin bununla bərabər onun şəhidlik zirvəsinə ucalmasının fəxarət hissi oyatdığını da nəzərə çatdırdı. C.Abdullayev "Şövqiyar" kitabının ərsəyə gəlməsinə görə, öz minnətdarlığını bildirərək, bunun Şövqiyara qoyulmuş əbədi heykəl olduğunu nəzərə çatdırdı.Kitabın müəllifi Natella ASENA (Hacıyeva) kitabı yazmaqla Şövqiyar kimi bir qəhrəmanın həyatı yolu və şəhidlik zirvəsinə ucalaraq, keçdiyi qəhrəmanlıq yolu ilə tanış olmaqdan qürur düyduğunu bildirdi. O, qeyd etdi ki, kitabın yazılmasında istifadə olunan Şövqiyar barədə toplanan sənədlər, onunla bağlı yaxınlarının təəssüratları və döyüşçü kimi onun qəhrəmanlıqlarını əks etdirən materiallar bu insanın vətən uğrunda gördüyü işlərin bir daha təsdiqidir. Məhz bu amillər müəllifi bu insanın həyatına biganə qalmamağa, onun barəsində kitab yazmağa sövq etmişdir.Anım tədbirində çıxış edən digər iştirakçılar da Şövqiyarın bir qəhrəman oğul kimi vətənə nə dərəcədə layiqli olduğunu və gələcək nəsillərə nümunə kimi göstərilməli olduğunu qeyd etdilər.
MURAD