PDF Oxu

Sosial

  • 34

Sahibkarlığın inkişafında Azərbaycan modeli

Aydın Hüseynov: "Sahibkarlıq fəaliyyəti ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayır"

Sahibkarlığın inkişafında Azərbaycan modeli

Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin iqtisadi həyatında köklü dəyişikliklər baş verib, bazar münasibətləri sürətlə inkişaf etməyə başlayıb. Bununla da ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün geniş imkanlar yaranıb. Azərbaycanda son 8 ildə sahibkarlığın inkişafında əldə olunan nailiyyətlər və nəticələrlə bağlı YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri Aydın Hüseynov "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, sahibkarlıq fəaliyyəti Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayır: "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir".

Bu gün Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir".

A.Hüseynov Azərbaycan vətəndaşları ölkənin bütün regionlarında - istər şəhərdə, istərsə də kəndlərdə öz əmlaklarından və digər şəxsi imkanlarından istifadə edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu söylədi: "Dövlət səviyyəsində sahibkarlara göstərilən qayğı isə öz bəhrəsini verməkdədir. Buna sübut kimi sahibkarlığın sürətlə inkişaf etməsini və bu sahədə qazanılan uğurları göstərmək olar. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, 8 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, qeyri-neft sektoru 4,3 dəfə, sənaye məhsullarının istehsalı 2,7 dəfə, strateji valyuta ehtiyatları 25 dəfə, rabitə sahəsi 6,4 dəfə artıb. Artım, həmçinin, digər sahələrdə, o cümlədən, kənd təsərrüfatı və nəqliyyat sektorlarında müşahidə olunub. Bütün bunlar ölkədə yeni iş yerlərinin açılmasına səbəb olub".

Azərbaycandakı iqtisadi inkişaf modelinin qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə olduğunu deyən A.Hüseynov ölkədə iqtisadi inkişafın davamlı xarakter daşıdığını vurğuladı: "Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Belə ki, cari ilin altı ayı ərzində yaradılmış 2585 yeni müəssisədən 11,9 faizi Aran, 6,9 faizi Abşeron, 5,3 faizi Gəncə-Qazax, 4,8 faizi Lənkəran, 3,8 faizi Şəki-Zaqatala, 2,1 faizi Quba-Xaçmaz, 3 faizi isə digər iqtisadi rayonlarda fəaliyyətə başlamışlar. Həmçinin, bu müddət ərzində ölkədə 58234 yeni, o cümlədən, 45204 daimi iş yeri açılmışdır. Həmin dövr ərzində ölkə üzrə açılmış yeni iş yerlərinin 70,1 faizi regionların payına düşmüşdür. Bütövlükdə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır".

R.KAMALQIZI

Digər xəbərlər