PDF Oxu

Sosial

  • 54

Vüqar Bayramlı: "Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialı bu il bir milyard dollara yaxınlaşıb"

Vüqar Bayramlı: "Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialı bu il bir milyard dollara yaxınlaşıb"

Bu gün Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir.

Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin iqtisadi həyatında köklü dəyişikliklər, bazar münasibətlərinin sürətlə inkişafı və bununla da ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yaradılan geniş imkanlar və həyata keçirilən layihələrlə bağlı məsələlrə aydınlıq gətirən iqtisadçı Vüqar Bayramlı "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, dövlət səviyyəsində sahibkarlara göstərilən qayğının nəticəsidir ki, son səkkiz il ərzində iqtisadiyyatımız üç dəfə artmışdır: "Azərbaycan vətəndaşları ölkənin bütün regionlarında - istər şəhərdə, istərsə də kəndlərdə öz əmlaklarından və digər şəxsi imkanlarından istifadə edərək, sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bu fəaliyyət növü zaman keçdikcə inkişaf edir. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti genişlənir. Qeyd edim ki, sahibkarlıq fəaliyyəti Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayır. "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir".

V.Bayramlı Azərbaycanda son illər sahibkarlığın inkişafında dövlət qayğısı nəticəsində böyük işlər görüldüyünü vurğuladı: "Özəl sektorda sahibkarlığı məşğulluğun 69,3 faizini təşkil edir. Dövlət büdcəsinə verilən gəlirlərin 71 faiz sahibkarların və digər özəl sektorların üzərinə düşür. Yeni açılan iş yerlərində sahibkarların payı da yüksəkdir. Belə ki, cari ilin birinci yarımilliyində özəl sektorda fəaliyyət göstərən sahibkarların payı 96,3 fazdir. Son 10 ildə qeyri-neft sektorunun ixras qabiliyyəti 11 dəfə artmışdır. Əgər 2001-ci ildə Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialı 44,95 milyon dollar idisə, 2012-ci ildə bu rəqəm bir milyard dollara yaxınlaşıbdır".

V.Bayramlı sahibkarlığın, eləcə də, qeyri-neft sektorunun inkişafı, birmənalı şəkildə bu sektorda həyata keçirilən islahatlar və layihələrlə bağlı olduğunu bildirdi: "Son illər Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində - istər dövlət quruculuğunun möhkəmləndirilməsində, istərsə də, neft və qeyri-neft sektorunun inkişafında, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, yoxsulluğun səviyyəsinin azaldılmasında müsbət nəticələr əldə edilmişdir. Məhz İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara il ərzində təxminən 140 milyon manata yaxın vəsait təqdim olunur. Eyni zamanda, sahibkarlar regionların inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində həyata keçirilən məsələlərin həllində dövlət dəstəyindən də istifadə etmək imkanlarına malikdirlər".

Azərbaycanın iqtisadi uğurlarında özəl bölmənin payının danılmaz olduğunu deyən V.Bayramlı bildirib ki, ölkə başçısının sözügedən sektora xüsusi qayğısının nəticəsidir: "Xatırladaq ki, qlobal iqtisadi böhranın Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sahibkarların rəqabət qabiliyyətinin qorunması, onların birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür və bu, hazırda da davam etdirilir. Misal kimi, dövlət başçısının imzaladığı müvafiq qanunu göstərmək olar: 2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi 90 min manatdan 150 min manatadək artırılmışdır. Əhalinin vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad edilmişdir.

"Azərbaycanda sahibkarlar üçün kifayət qədər əlverişli şərait yaradılıb ki, ölkəmizdə özəl sektor sürətlə inkişaf etsin. Eyni zamanda, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün atdığı addımları hər kəs görür. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlər verilir. Demək olar ki, son üç il ərzində sahibkarlara 315 milyondan çox güzəştli kreditlər verilib. Məhz bunların nəticəsidir ki, son üç il ərzində təkcə bu sahədə 20 mindən çox insan daimi iş yerləri ilə təmin olunub.Bütün bunlar o deməkdir ki, ali hakimiyyət sahibkarlığın inkişafında maraqlıdır və bu sahəyə böyük önəm verir. Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında imzaladığı Sərəncam ölkəmizin həyatında yeni səhifə açacaq. Həmin Konsepsiya daxilində, birmənalı şəkildə qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet məsələlərdən biridir və sahibkarlığın inkişaf etdirilməsi əsas amil kimi götürülür. Göründüyü kimi, əldə edilən uğurların böyük hissəsi qeyri-neft sektorunun, özəl bölmənin payına düşür. Bu isə dövlətin sahibkarlığa, iş adamlarına göstərdiyi diqqətin getdikcə artmasını göstərir" deyə V.Bayramlı bildirib.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər