PDF Oxu

Sosial

  • 45

Azərbaycanın dünyada yeri və rolu möhkəmlənir

Azərbaycanın dünyada yeri və rolu möhkəmlənir

Nurlana Əliyeva: "Tezliklə ərən oğullarımız Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında mənfur düşmənlə üz-üzə gələrək, işğal altında qalmış torpaqlarımızı azad edəcək"

"Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əfv olunması çox xoş bir hadisə olmaqla yanaşı, cəmiyyət tərəfindən də sevinclə qarşılanılır". Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva Ramil Səfərovun azad olunması ilə bağlı Azərbaycan xalqına gözaydınlığı verərək, bildirdi ki, 9 ilə yaxın bir zaman təşkil edən Ramil Səfərovun Macarıstanda ömürlük azadlıqdan məhrum edilməsi hər bir azərbaycanlının qəlbində bir yara idi.

Ölkə Prezidentinin məlum Sərəncamı xalqın qəlbinə su çilədi. Ali Baş Komandana dərin minnətdarlığını ifadə edən Nurlana Əliyeva Ramil Səfərovun azadlığa buraxılmasını hər bir vətəndaşa ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib: "Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və onun əfv edilməsi Azərbaycan Prezidentinin vətənpərvər ruhlu bir zabitimizin azad edilməsi üçün apardığı qətiyyətli siyasətin məntiqi nəticəsidir: "Azərbaycan xalqı öz mərd oğlullarını həmişə müdafiə edib, onların arxasında dayanıb, daim diqqət və qayğı ilə əhatə edib. R.Səfərovun o zaman təhrikçi erməni zabitinə qarşı tətbiq etdiyi cinayətin başvermə səbəbi doğurdan da milli maraqlarla, milli ruhla və milli təəssüblə bağlı idi. Yəni demək istəyirəm ki, Ramilin bu addımı, bilavasitə daxilində uzun müddət formalaşmış düşmənə nifrət amilindən qaynaqlanıb. Eyni zamanda, onun müdafiə etdiyi müqəddəs üçrəngli Azərbaycan bayrağında bütün xalqla yanaşı, biz ana-bacıların da namusu, şərəfi əks olunur. Ramil oğlumuz tükənməz qeyrəti və namusu ilə həmin dəyəri müdafiə etməyə borclu idi və müdafiə etdi də. Lakin onu da qeyd edim ki, Ramil Səfərov həmişə dövlətimizin diqqətində olub, Macarıstandakı səfirliyimiz onun ekstradisiyası üçün böyük iş aparırdı. Bu hadisə təbii ki, Ali Baş Komandan, ölkə Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü və humanist siyasətinin nəticəsidir, eləcə də, vətəndaşlarımıza, zabit və əsgərlərimizə diqqət və qayğısının nümunəsidir. Ramil Səfərovun Azərbaycana gətirilməsinə və əfv olunmasına görə mən də bir azərbaycanlı ana kimi hədsiz sevinclərə qərq olmuşam. Bu münasibətlə Azərbaycan xalqına gözaydınlığı verir, xüsusilə, ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirmək istəyirəm".

N.Əliyeva bu hadisənin ermənilərə son dərəcə ağır psixoloji zərbə kimi dəydiyini bildirdi: "Mübariz İbrahimovun hadisəsi uzun müddət erməni ictimai fikrini yasa bağladı. Onlar bunu dövlət səviyyəsində yaşayırdılar. Hər birimiz bu Vətənin övladı kimi ümid edirik və inanırıq ki, Mübarizlər, Ramillər yetişdirən Azərbaycan torpağı hələ çox adları dillərdə əzbər olacaq igidlər yetişdirəcək və tezliklə ərən oğullarımız Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında mənfur düşmənlə üz-üzə gələrək, işğal altında qalmış torpaqlarımızı azad edəcək. İnşallah!"

R.HÜSEYNOVA

Digər xəbərlər