PDF Oxu

Sosial

  • 38

Ermənistan asılı dövlətdir

Rüstəm Məmmədov: "Səfalət içində yaşayan işğalçı ölkənin iddiaları reallıqdan uzaqdır "

Ermənistan asılı dövlətdir

20 ildir ki, Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan Ermənistanda vəziyyət getdikcə acınacaqlı xarakter almaqdadır. Əhali kütləvi şəkildə xarici ölkələrə üz tutur. Xüsusilə də, gənclər və yeniyetmələr, demək olar ki, Ermənistanda qalmayıb. Analitiklərin fikrincə, ağır vəziyyət bu cür davam edərsə, Ermənistan qocalar dövlətinə çevriləcək. Ölkənin ağır vəzyyətə düşməsinin səbəblərindən biri də Serj Sarkisyan faktorudur. Daim gənclərə işğalçılıq, yeni-yeni ərazilər zəbt etmək siyasəti aşılayan Sarkisyan heç vaxt ölkənin inkişafını düşünməyib, hərçənd ki, o, düşünmə qabiliyyətindən də qat-qat uzaqdır. Ekspertlər və politoloqların fikrincə, baş verən proseslər işğalçı ölkənin suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığını açıq-aydın göstərir.

Politoloq Rüstəm Məmmədov "Səs" qəzetinə verdiyi açıqlamasında məsələyə aydınlıq gətirməklə yanaşı, bunun səbəblərini də açıqladı və işğalçı Ermənistanın regionun ən çox inkişafından geri qalmış ölkəsi olduğunu vurğuladı: "İşğalçı ölkəni öz cənginə almış dərin sosial-iqtisadi böhran bütün sahələri iflic etməyə başlayıb. Bu səbəbdəndir ki, bu günlərdə Ermənistan müxalifəti artıq müntəzəm xarakter almış kütləvi etiraz mitinqlərini daha mütəşəkkil surətdə davam etdirir. Əhalinin fəaliyyət göstərdiyi bütün sahələrdə böhranın olması onların ölkəni kütləvi şəkildə tərk etməsi ilə yanaşı, öz etirazlarını bildirmələri ilə də müşahidə olunmaqdadır".

Politoloq xüsusi olaraq, vurğuladı ki, Ermənistanda ana müxalifət sayılan Erməni Milli Konqresinin keçirdiyi mitinqlər zamanı Ermənistan ordusuna qarşı səsləndirilən ittihamlar daha kəskin olub və bunun səbəbi də Ermənistan hakimiyyətinin apardığı yarıtmaz siyasətdir: "Bu faktı Erməni Milli Konqresinin koordinatoru Levon Zurabyan da öz çıxışında söyləyib və bildirib ki, Ermənistan ordusunda vəziyyət çox dözülməzdir. O, bu vəziyyətin yaranmasına səbəb kimi isə ordu rəhbərliyinin özbaşınalığını göstərib. Ordu generallarının yüz min dollarlıq ciplərdə gəzdiyi, rüşvətxorluqla və şəxsi varidatını artırmaqla məşğul olduğu bir vaxtda ordu sağlam ola bilməz. Göründüyü kimi, Ermənistan ordusunda baş verən son hadisələr onun dağılmasına şərait yaradır. Bir də ölkənin mövcud iqtisadi vəziyyəti özünü orduda da göstərir. Bu gün Ermənistan müxalifətinin nümayəndəsinin dediklərindən də, açıqlanan faktlardan da məlum olur ki, Ermənistan ordusu bu gün heç də sivil ordu səviyyəsində deyil və onun dağılması artıq an məsələsinə çevrilib".

Göründüyü kimi, bu gün Ermənistan təkcə apardığı yarıtmaz xarici siyasətlə deyil, eyni zamanda, daxili qeyri-sabitliklə də seçilir. Bu daxili qeyri-sabitlik isə ölkəni daxildən parçalamağa yönəlmişdir. Hadisələrin bu tempdə davam edəcəyi təqdirdə, Ermənistanın artıq kandarında olduğu uçurumun dibinə yuvarlanması qaçılmazdır. Bu uçurum isə dövlətin birdəfəlik məhvinə və onun artıq qeyri-rəsmi şəkildə itirdiyi mövcudluğunu rəsmi şəkildə itirməsinə səbəb ola bilər.

Aytən Səmədova

Digər xəbərlər