Müdrik və mənalı həyat yaşamış insanlar haqqında yazmaq çox çətindir. Çünki onlar haqqında yazmaq üçün bu cür insanların keçdikləri həyat yolunun bütün məqamlarını rəssam kimi zərrəsinə qədər təsvir etməli, zərgər kimi bu ömrün bütün dönəmlərini xüsusi "naxışla işləməlisən" ki, heç bir səhvə yol verməyəsən. Axı bu məsələdə, azacıq edə biləcəyin bir səhv, nəhəng bir insanın zəngin həyat yolunu alt-üst edə bilər. Jurnalist qələmi də zərgər aləti kimi ehtiyatlı olmağı tələb edir belə yerdə. Elə bu gün haqqında danışacaqım qəhrəmanım kimi...
Qədir Rüstəmovdan başlayan tanışlıq...
Onunla ilk tanışlığımın qəribə tarixçəsi var. Rəhmətlik Qədir Rüstəmov haqqında qəzetdə yazım dərc olunmuşdu. Səhər işə gələndə ağsaqqal bir insanın mənə telefonla zəng etdiyini, yazdığım bu yazı ilə əlaqədar danışmaq istədiyini dedilər. Dəstəyi götürüb danışdım bu nurani və böyük insanla. Səsindən böyük həyat yolu keçmiş insan olduğunu, həyatın ən dəhşətli keşməkeşlərindən üzüağ, alnı açıq çıxan el ağsaqqalı ilə danışdığını həmin andaca hiss edirsən.
Bəli, Ulu Öndərimiz Heydər Əliyevlə görüşərək Yeni Azərbaycan Partiyasının ilk qurultayında iştirak edən, uzun illər hüquq-mühafizə orqanlarında şərəflə xidmət etmiş, təkcə cənub bölgəsində, Masallı rayonunda, canı qədər sevdiyi Mahmudavar kəndində deyil, bütün respublikada ağır-batman, sözü cavanının, qocasının, dövlət məmurundan tutmuş adi insanlara qədər hər kəsin yanında keçərli olan el ağsaqqalı Şirvan Əbilovla tanışlığımız belə başladı.
"Ağsaqqal deməyin hər ağsaqqala, ağ saqqal başqadır, AĞSAQQAL başqa" deyiminin əsil mahiyyətini Şirvan müəllimlə qısa müddətdə olan ünsiyyətimdən sonra əməlli-başlı dərk elədim. Dərk etdim ki, ağ saqqalı olmaq, hələ ağsaqqal olmaq demək deyil.
Böyük və çətin MİSSİYA...
Şirvan müəllim ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib. Ömrünün ən mənalı həyat səhifəsi, Ümummilli Liderimiz Heydər Əliyevlə keçirdiyi görüşlərlə bağlıdır. Azərbaycan xaos və anarxiya içində boğulanda, bir dövlət kimi dünya xəritəsindən yox olub getmək təhlükəsi ilə üz-üzə qalanda, ölkənin dəyərli ziyalıları kimi, o da BÖYÜK HEYDƏR ƏLİYEVƏ üz tutmağı özünə vətəndaş borcu hesab edib. O zaman hakimiyyətdə olan AXC-Müsavat hakimiyyətinin nümayəndələri, dəfələrlə ona Naxçıvana getməyi, Ulu Öndərlə görüşməyi qadağan etmişdilər. Şirvan müəllim bütün bu təqib və qadağalara baxmayaraq, min bir məşəqqətlə də olsa, Naxçıvana, Ulu Öndərin görüşünə gedər, cənub bölgəsinin əhalisi adından Azərbaycanı bu ağır durumdan xilas etmək üçün xalqın istək və arzularını Ona çatdırardı. Ş.Əbilov Yeni Azərbaycan Partiyasının Təsisi Konfransında iştirak etmək üçün 1992-ci ilin noyabrında Naxçıvana yollanır. O zaman Eldar İbrahimov onu Ümummilli Lider Heydər Əliyevlə görüşdürmək üçün Naxçıvan Ali Məclisinin binasına aparır. Şirvan müəllim deyir ki, o vaxt Ali Məclis Sədrinin köməkçisi olan Vasif Talıbov, onu mehribanlıqla qarşılayaraq, Ulu Öndərin qəbuluna ötürüb. Şirvan müəllim Ulu Öndərlə ilk görüşünü belə xatırlayır: "Ulu Öndərin qəbuluna girərkən, bərk həyəcanlı idim. Bu dahi insanla söhbətə nədən başlayıb nədən qurtaracağımı götür-qoy edirdim. Amma Ulu Öndərin səmimi və ürəkcanlı şəkildə məni dinləməsi, söhbət etməsi bütün həyəcanımı aradan qaldırdı. Ona bütün cənub zonasındakı camaatın xahişlərini çatdırdım. Dedim ki, əziz Heydər müəllim, xalqımız sizi yenidən respublikanın rəhbərliyində görmək, dağılmaqda olan Azərbaycanı xilas etməyinizi xahiş edir. Dərin təbəssümlə gülümsəyən Heydər Əliyev mənimlə o dərəcədə mehriban danışdı ki, vaxtın nə tez gəlib keçdiyini heç özüm də hiss etmədim. Amma mənim Masallıda sovxoz direktoru olduğumu bilən kimi bərk narahat oldu: " Sən bu vəzifənin sahibisən, Naxçıvana gəlib mənimlə görüşdüyünə görə səni dolaşdırıb həbs edə biləcəklərindən qorxmursan?"-dedi. Mən isə "haqq-ədalət axırda öz yerini tapar"-deyə cavab verdim. Ulu Öndər mənalı-mənalı gülümsəyərək, "Nə ürək sözün varsa, sabah konfransda söylə"-dedi...
"Heydər Əliyev ideyaları il silahlandım"...
Ertəsi gün Yeni Azərbaycan Partiyasının təsis konfransında çıxış etmək üçün sıraya yazıldım. Amma çıxış etmək istəyənlərin çox olduğunu görüb düşündüm ki, çıxış etmək üçün çətin ki, mənə növbə çatsın. Amma H.Əliyev ayağa qalxaraq "Əziz yoldaşlar, çıxışa yazılanlar çoxdur. Vaxtımız da azdır. Gəlin cənub bölgəsindən yeganə təmsilçi olan Şirvan Əbilovu dinləyək, bununla da çıxışlara son verək" dedi. Nece həyəcanla kürsüyə çıxdığımı, ürək sözlərimi zalda oturan 500-dən çox insana xitab etdiyimi indi də xatırlayanda həmin həyəcanı duyuram. Heç yadımdan çıxmaz, "Bayırda soyuq şaxtadır. Amma bu zalda, bayırdakı soyuqdan əsər-əlamət belə yoxdur. Çünki bizi Heydər Əliyev əzəməti, qüdrəti elə isidir. Heydər Əliyev günəşi, həmişə Azərbaycan xalqının üzərindədir"-dedim. Zaldakı gurultulu alqış səsləri elə indi də qulaqımdadır...
Sonra partiyanın seçkili orqanalrı formalaşdırıldı. Məhz Ulu Öndərimizin təklifi ilə məni də YAP Siyasi Şurasının üzvü seçdilər. 1992-ci ildən bəri də Siyasi Şurada fəaliyyətimi uğurla davam etdirirəm."
100 il yaşa Şirvan dayı!..
3 oğul, 2 qız atası olan, 9 şirin-şəkər nəvənin babası olan Şirvan müəlllim, bu gün babalıq sevincini qürurla yaşayır. Axı onun nəvələrinə danışacağı çox şey var. Sinəsində gəzdirdiyi əzəmətli tarix, yaşadığı şərəfli ömrün hər sətri, onlara çatdıracaq qədər bol xatirələrlə doludur. Özü bir canlı tarix olan Şirvan müəllim, Allah sizə o qədər uzun ömür bəxş eləsin ki, nəvələrinizlə uzun illər xoşbəxt yaşayasınız!
MƏTLƏB SALAHOV