Və ya İsa Qəmbər Tofiq Yaqublunun qızının cinayət işindən siyasi divident qazanmaq üçün istifadə edir
Bütün bunlara baxmayaraq, milli dəyərlərdən irəli gələrək, Nigar Yaqublu ilə Aydın Acalovun nə üçün məhz Şamaxı ərazisində maşın sürdüklərini araşdırmırıq
Məlum olduğu kimi, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu barəsində cinayət işi açılıb. Başqan müavininin qızı avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub.
Məlumatda qeyd olunub ki, sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, bu hadisədə təqsirkarı istintaq qrupu məyyən edib. Şöbə rəisinin sözlərinə görə, hadisə yerinə gələn müstəntiq müəyyən edib ki, ölən şəxs sükan arxasında deyil, avtomobildəki sərnişin yerində əyləşibmiş: "Hadisə yerinə müstəntiq gəlib. Baxış keçirəndən sonra bir rəy verib. İstənilən hadisənin daha dəqiqini müstəntiqdən yaxşı heç kəs bilmir".
K.Əliyevin sözlərinə görə, qəzaya uğrayan avtomobil Acalov Aydın Rəşid oğlunun adınadır, amma onu idarə edən şəxs Yaqublu Nigar Tofiq qızı olub: "O sürücülük hüququ olmadan, həmin nəqliyyat vasitəsini idarə edib. Avtomobili idarə edərkən, qarşıdan gələn "Kamaz" markalı avtomobilin yoluna çıxıb və toqquşma hadisəsi baş verib. Bu toqquşmada da həmin avtomobilin sahibi, sərnişin qismində maşında olan Acalov Aydın Rəşid oğlu dünyasını dəyişib"...
Əlbəttə ki, ökənin hüquq-mühafizə orqanları cinayət faktı ilə bağlı qərar ediblər və onu hüquqi müstəvidə həll edirlər. Lakin bu proses ətrafında çox "maraqlı" tendensiya müşahidə olunmaqdadır.
Belə ki, başda İsa Qəmbər olmaqla bütün müsavatçılar partiyanın gənclər təşkilatının sədr müavinin törətdiyi cinayəti ört-basdır etmək üçün təbliğata başlayıblar. Hətta İP KŞ də bu məsələ ilə bağlı bəyanat yayaraq, hüquqi müstəvidə aparılan istintaq işini siyasiləşdirməyə cəhd göstərib. Müsavatçılar qəzetlərilə yanaşı, sosial şəbəkələrdə də Nigar Yaqublunun cinayətinin gizlədilməsi üçün dəridən-qabıqdan çıxırlar.
Məhz bütün bunları görən ictimaiyyət Müsavat partiyasına, onun başqanına haqlı suallar ünvanlayır. Cəmiyyət bilmək istəyir ki, nə üçün cinayət törətmiş müsavatçı cəzasız qalmalıdır? Hansı səbəbə görə İsa Qəmbər bu cinayət işini siyasiləşdirir? Bəlkə, müsavatçı olmaq insanları toxunulmaz edir və bu partiyanın üzvləri cinayət törətməkdə azaddırlar? Təbii ki, bu tipli sualların sayını artırmaq mümkündür. Lakin ortada olan mənzərə ondan ibarətdir ki, cəmiyyətdə İsa Qəmbərin və ümumilikdə, müsavatçıların cinayət törətmiş birisini bu cür ciddi-cəhdlə müdafiə etməsi nəyə hesablanması müzakirə olunur.
Bəzi müşahidəçilərin təhlillərinə görə, Müsavat partiyasının cinayət faktı ətrafında siyasi təbliğat aparması bir sıra məqamlarla bağlıdır:
- birincisi, İsa Qəmbər müxalifətçilərə nümayiş etdirməyə çalışır ki, o, onların hüquqlarını müdafiə edir və qoruyur,
- ikincisi, Əli Kərimlinin Əbülfəz Elçibəyin zəşərləndirilməsindən sui-istifadə etməsi kimi İsa Qəmbər də partiyasının üzvünün cinayət törətməsindən siyasi təbliğat tək yararlanır,
- üçüncüsü, cinayət işini siyasiləşdirməklə, Müsavat partiyası ictimai fikri başqa istiqamətə yönəltməyə cəhd göstərir,
- dördüncüsü, bu siyasi təbliğatla müsavatçı Nigar Yaqublu üçün Avropadan "siyasi məhbus" statusu almaq istiqamətində səylər göstərilir və s.
Bu, inkarolunmaz bir faktdır ki, İsa Qəmbər Nigar Yaqublunun törətdiyi cinayət faktı ətrafında şantaj kampaniyası həyata keçirir. Daha dəqiq desək, Müsavat başqanı keçirilməsini yubatdığı qurultayın da nəticələrinə indidən təsir etmək üçün cinayət işindən açıq şəkildə istifadə edir. Düşünürük ki, bu, bir daha İsa Qəmbərin siyasi tərbiyəsinin göstəricisidir. Hələ elə bir fakt tapılmayıb ki, hansısa partiya sədri üzvünün ağır vəziyyətindən istifadə edib, siyasi dividend qazansın. Lakin İsa Qəmbər bunu bacarır və qabiliyyətini də ortaya qoyur. Bütün bunlara baxmayaraq, milli dəyərlərdən irəli gələrək, Nigar Yaqublu ilə Aydın Acalovun nə üçün məhz Şamaxı ərazisində maşın sürdüklərini araşdırmırıq...
"Səs" Analitik Qrupu