\r\n
\r\n
\r\n Prezident İlham Əliyev ATƏT-ə üzv olan ölkələrin Azərbaycandaki səfirləri ilə görüşündə bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli bu dərəcədə dalana dirənməmişdir. Prezidentin bu mövqeyi də bir daha onu deməyə əsas verirmi ki, doğurdan da, ATƏT-in Minsk Qrupu fəaliyyətsiz bir qurumdur? Məsələyə münasibət bildirən siyasi elmlər doktoru, politoloq Elman Nəsirlinin sözlərinə görə, ATƏT-in Minsk Qrupu 1992-cü ildən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılıb: \"Bu günə qədər ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbətə doğru hər hansı bir addım atmayıb. Bunun da səbəbi ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ problemi ilə əlaqədar olaraq hazırladığı müxtəlif təkliflərin işğalçı ölkə olan Ermənistanın qəbul etməməsi ilə bağlıdır. Prezident İlham Əliyev ATƏT-in üzvü olan ölkələrin Azərbaycandaki səfirləri ilə Qəbələdə keçirdiyi görüşündə bütün bu məsələləri açıq şəkildə onların nəzərinə çatdırdı ki, 2011-ci ilin iyun ayından Kazan görüşündən bəri Dağlıq Qarabağ məsələsi ətrafında aparılan danışıqlar prosesi dalana dirənib. Bu münaqişə ilə bağlı bir irəliləyiş yoxdur. Prezident İlham Əliyev haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid etdi. İşğalçı ölkə olan Ermənistan isə hər dəfə müxtəlif bəhanələr gətirərək, çalışır ki, status-kvo vəziyyətini qoruyub saxlasın. Ümumiyyətlə, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən danışdı. Burada bütün məhsuliyyəti isə Ermənistanın üzərinə düşür. O cümlədən, Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyini bildirdi. Həmin mövqeyin də əsas mahiyyəti ondan ibarətdir ki, yalnız Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək muxtarıyat statusu verilə bilər. Dağlıq Qarabağa müstəqilik verilməsi danışıqlar predmenti olmayıb və olmayacaq\".
\r\n
\r\n Politoloq bildirdi ki, hələ ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olur. Bu baxımdan, Qəbələdə Prezident İlham Əliyev tərəfindən ATƏT-ə üzv olan ölkələrin Azərbaycandaki səfirlərinin qəbul edilməsi və Qarabağ həqiqətlərinin onlara çatdırılması olduğca mühüm bir hadisədir.
\r\n
\r\n
\r\n
\r\n GÜLYANƏ