Elşad Mirbəşiroğlu: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə birbaşa məşğul olan bir qurum kimi ATƏT-in Minsk Qrupu fəaliyyətsizlik nümayiş etdirir"
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-ə üzv olan ölkələrin Azərbaycandakı səfirləri ilə görüşündə bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli bu dərəcədə dalana dirənməmişdir. Ölkə Prezidentinin bu mövqeyi də bir daha onu deməyə əsas verirmi ki, doğrudan da, ATƏT-in Minsk Qrupu fəaliyyətsiz bir qurumdur? Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, Prezident İlham Əliyev ATƏT-in üzv olan ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə Dağlıq Qarabağ məsələsi ətrafında geniş müzakirələr aparıb: "Prezident İlham Əliyev görüş zamanı bir daha ATƏT-ə üzv olan ölkələrin səfirlərinə Dağlıq Qarabağ münaqişəsinin baş verməsi haqqında, BMT-nin bu münaqişə ilə bağlı qətnamələrinin kağız üzərində qalması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminə seyirçi mövqeyi ilə bağlı fikirlərini çatdırıb. Demək olar ki, işğalçı ölkə olan Ermənistan istənilən vasitələrlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini uzadır.
Yəni, Ermənistan tərəfi status-kvonun saxlanılmasına çalışır. Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri bəyan etmişdir ki, status-kvo vəziyyəti saxlanılması ilə barışa bilmərik. Bir sözlə, ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı bu cür bəyanatlar səsləndirməsinin arxasında heç bir ciddi əməli fəaliyyət görmürük. Demək olar ki, ATƏT-in Minsk Qrupu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində boş-boş bəyanatlar verməklə məşğul olur. Ermənistan-Azərbaycan Dağlıq, Qarabağ münaqişəsin tənzimlənməsi ilə birbaşa məşğul olan bir qurum kimi ATƏT-in Minsk Qrupu fəaliyyətsizlik nümayiş etdirir".
Politoloq onu da bildirdi ki, bu günə qədər ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı heç bir ciddi addım atmayıb. Demək olar ki, 20 ilə yaxındır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyət göstərirlər. Əgər Dağlıq Qarabağ probleminin həllində hər hansı bir real nəticə yoxdursa, təbii ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti mənfi qiymətləndirilməlidir.
GÜLYANƏ