Serj Sarkisyan erməni xalqını çörəklə sınağı çəkir
Quyuya su tökməklə orada suyun olacağını düşünənlər var və belələrinin orta statistik sayı nə qədər çox olarsa, istənilən ölkənin iqtisadi vəziyyəti bir o qədər ağır olur. Ermənistanın hakimiyyət dairələri ölkə iqtisadiyyatının bütün sahələrindəki vəziyyətin ağırlıq həddini maksimuma çatdırandan sonra kənardan yardımlar hesabına əhalinin sosial problemlərinin bir qismini həll edəcəklərini düşünürlər. Halbuki bu yolla, problemlərin həlli mümkün olmadığı kimi, sosial sahədəki ağır vəziyyətin normallaşdırılmasına ümid etməyin özü belə, sadəlövhlükdən başqa bir şey deyil.
Xüsusilə də, son günlər qlobal maliyyə böhranının ikinci dalğasının başlanması Ermənistan üçün əsil fəlakət sayılır və hesab edilir ki, əgər bu baş verərsə, onda ölkənin iqtisadiyyatının məhvə yuvarlanmasının qarşısını heç kim ala bilməz. Çünki artıq Ermənistan əhalisi çörəyin yenidən bahalaşmasından sonra bu ölkədə yaşayan istər 3-5 şirkət, istərsə də yerli əhali açıq etiraf edirlər ki, böhran baş verərsə, bu, Ermənistan əhalisinin aclıq problemi yaşamasını da qaçılmaz edəcək. Çünki böhran şəraitində həm müxtəlif xarici dövlətlərdən, həm də erməni diasporundan göndərilən yardımların miqdarı əhəmiyyətli dərəcədə azalacaq. Hazırda isə həm erməni əhalisi, həm də bu ölkənin iqtisadiyyatı xeyli dərəcədə həmin xarici yardımlardan asılıdır.
Ağ-qara rənglər arasında…
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli bildirdi ki, Ermənistanda iqtisadiyyatın dalana dayandığını və sıravi ermənilərlə yanaşı, iş adamlarının da fərqi dərk etdiklərindən əvvəlcə pullarını ölkədən çıxarır, sonra da özləri Ermənistanı tərk edirlər: "Erməni mətbuatının yazdığına görə, bu problemlərlə bağlı bildirilir ki, hakimiyyət dairələrinin bəyan etdikləri iqtisadi islahatlar və inhisarlarla mübarizə proqramlarına rəğmən Ermənistan iqtisadiyyatı Gürcüstanla belə, müqayisə edilməz dərəcədə zəifdir. Sözügedən səbəbdən də 3200 şirkət Ermənistanı tərk edərək, Gürcüstana "mühacirət" edib. Yaramış vəziyyət onu göstərir ki, investisiyalar bundan sonra da davam edəsidir və bunun da çeşidli səbəbləri var. Ən başlıcası odur ki, Ermənistan dövlət müstəqilliyi qazanan ilk gündən bəri xarici ölkələrdəki diasporun siyasi ambisiyalarının girovuna çevrilib. Dağlıq Qarabağ münaqişəsini yaratmaqla üçüncü qüvvələrin sifarişini yerinə yetirən erməni diasporu rəsmi Yerevandakı idarəetmə rıçaqlarına elə təsir imkanları əldə edib ki, indinin özündə belə, Ermənistan prezidenti "mən müstəqil ölkənin dövlət başçısıyam" deyəndə, bu sözlər hətta ermənilərin belə, rişxəndinə səbəb olur. Çünki Ermənistanla yanaşı, Dağlıq Qarabağda yaşayan ermənilər də az qala bütünlüklə kənardan, yəni erməni diasporundan gələn və gələcək pullardan asılıdır".
"Serj Sarkisyan gecə quldurudur"
Politoloq onu da vurğuladı ki, artıq Serj Sarkisyan seçkilər ərəfəsi öz çirkin niyyətlərini nə qədər gizlətsə də, istəyinə nail ola bilmir: "Çünki ölkə müxalifəti seçkiərəfəsi daha da fəallaşaraq, Sarkisyanın "gecə qulduru" olması ilə bağlı bütün faktları ortaya qoyub. Bu isə, xalqın Sarkisyana seçkilərdə "hə" deyil, "yox" deməsini bir daha təsdiqləyir. Belə ki, bu günlərdə Ermənistanda çörəyin bahalaşmasından sonra vəziyyət da gərginləşib. Belə ki, Ermənistanın sabiq prezidenti, ölkə müxalifətinin faktiki lideri Levon Ter-Petrosyan hesab edir ki, müxtəlif ölkələrdəki diaspor təşkilatlarının və ümumiyyətlə, erməni iş adamlarının ianələri ehtiyacı olan adamlara çatdırılmaq, həllini gözləyən problemlərin çözülməsinə yönəlmək əvəzinə, trivial şəkildə mənimsənilir. Müxalifət lideri onu da bildirib ki, Sarkisyan belə pullarla ölkənin heç bir problemini həll edə bilməsə də, özünü gecə qulduru sandığından kənardan gələn pulların hər dollarını məmnuniyyətlə qəbul edir".
"Ermənistanın zibil qutusu almağa belə imkanı yoxdur"
E.Nəsirli Ermənistan iqtisaiyyatının acınacaqlı vəziyyətdə olduğunu sübut edən digər bir fakta da aydınlıq gətirdi: "Fransa tərəfi bu ölkəyə 100 məişət tullantısı qutusu hədiyyə edib. Bu amil isə Ermənistan iqtisadiyyatının ağır vəziyyətdə olduğunu sübut edir. Hansı variantı təhlil etməkdən asılı olmayaraq, kəskin ziddiyyətlər göz qabağındadır. Daxili iqtisadi və siyasi sıxıntılar içində çabalayan Ermənistan iqtisadiyyatının məhvə yuvarlanmasının qarşısını heç kim ala bilməz. Mövcud vəziyyətin təhlili isə göstərir ki, elə indinin özündə də Ermənistanda əhalinin yoxsullaşması prosesi sürətlənməkdədir və insanların maddi ehtiyaclarını təmin etməklə bağlı problemlər daha da kəskin xarakter almaqdadır. Buna əsas səbəb bir tərəfdən hakimiyyətdə olan qüvvələrin korrupsiya fəaliyyətinin durmadan genişlənməsidirsə, digər tərəfdən ölkənin üzləşdiyi iqtisadi çətinliklərin aradan qaldırılması üçün hər hansı proqram və ya planın yoxluğu, eyni zamanda, kommunal xərclərin artırılması, ərzağın, xidmət növlərinin mütəmadi olaraq bahalaşmasıdır. Bütün bunlar bir daha Ermənistanda oliqarx məmurlar tərəfindən xaotik bir idarəçiliyin əsasının qoyulduğunu və ölkənin sürətlə öz məhvinin sonuna yaxınlaşdığını göstərir".
Aytən Səmədova