PDF Oxu

Sosial

  • 49

7 ölkənin gəncləri bir araya gəldilər

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında 37 gənclə görüş keçirilib

7 ölkənin gəncləri bir araya gəldilər

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyinin Gənclər Fondu və Avropa Birliyinin Gənclər Fəaliyyətdə Proqramının dəstəyi ilə təşkil etdiyi "Avropalıyıqmı?! - Kimlik, İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq layihənin iştirakçıları olan 7 ölkədən gəlmiş 37 gənclə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında görüş keçirilib. Gənclərin Azərbaycana gəlməkdə məqsədi Dağlıq Qarabağ problemi ilə bağlı geniş məlumat əldə etmək olub.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov görüşdə çıxış edərək münaqişənin tarixi, işğal prosesi və hazırkı vəziyyət barədə məlumat verib. 20 ildir ki, həll olunmayan problemə dünya birliyinin hələ də göz yumduğunu söyləyən Orxan Əkbərov vurğulayıb ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdardırlar. Lakin bu günə qədər Ermənistan tərəfinin göstərdiyi qeyri-konstruktiv mövqe problemin həllində irəliləyişlər əldə etməyə mane olur: "Dəfələrlə Dağlıq Qarabağdan olan erməni icmasının nümayəndələri ilə dialoqun qurulması və bu problemin daxili məsələ olaraq həll olunmasına cəhd etsək də, Ermənistan dövləti hər zaman bu dialoqların pozulmasının əsas səbəbkarı olub. Biz inanırıq ki, bu gün Azərbaycan dövlətinin, Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı operativ və dərin siyasət öz bəhrəsini verəcək, bu və ya digər yolla işğal altında olan torpaqlar azad ediləcək".

Görüşdə iştirak edən türkiyəli Selen Öztürk isə, türkiyəli gənclərin hər zaman bu problemi göz önündə saxladığını deyib. Moldovalı Kristina Karaus Dağlıq Qarabağ problemini Moldovadakı mövcud problemlə müqayisə edərək, hər iki problemin çox yaxın vaxtlarda həll olunacağını inamını ifadə edib. Görüşdə iştirak edən İngiltərə, Almaniya, Rumıniya və İspaniyadan olan gənclər də münaqişənin həlli ilə bağlı öz fikir və təkliflərini irəli sürüblər.

Sonra görüş iştirakçıları Şuşa rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə Ramana qəsəbəsində yerləşən Şuşa rayonundan və digər işğal olunmuş rayonlardan olan məcburi köçkünlər üçün yaradılmış şəhərciyə yollanıblar. Onlar köçkünlərin hazırkı həyat şəraiti, qəsəbədə yerləşən Şuşa rayon Malıbəyli kənd orta məktəbi, Malıbəyli kənd musiqi məktəbi, xəstəxana və digər infrastruktur obyektləri ilə tanış olublar.

Sonda gənclər müasir dünyada bu cür problemlərin olmamasının tərəfdarı olduqlarını və problemin çox qısa zamanda həll olunaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına inamlarını bildiriblər.

A.Səmədova

Digər xəbərlər