Əli Məsimli: "Sovet dövründən qalan əmanətlərin qaytarılması qaydaları ədalətlidir"
Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı Fərman minlərlə ailənin sevincinə səbəb olub. Bununla bağlı artıq 2012-ci il iyunun 1-dən həmin Fərmanın icrası uğurla həyata keçirilir. Məsələ ilə bağlı millət vəkili, iqtisadçı Əli Məsimli "Səs" qəzetinə verdiyi açıqlamasında əmanətlərin qaytarılmasının uğurla davam etdiyini bildirdi: "Əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılması ciddi bir hadisədir.
Əmanətlərin qaytarılması bütün hallarda müsbət haldır. Bu məsələ dəfələrlə müzakirə olunub. Ölmüş əmanətlərin qaytarılması və onun indeksləşməsi əhalinin sosial müdafiəsi baxımından daha əhəmiyyətlidir. Azərbaycan digər keçmiş sovet ölkələri ilə müqayisədə əmanətlərin qaytarılması prosesində daha ədalətli mövqe nümayiş etdirir. Belə ki, keçmiş SSRİ dövründə banka yatırılan əmanətlər o zaman rublla qoyulmuşdursa, hazırda manata çevrilərək vətəndaşlara veriləcək. Manatın ekvivalenti digər SSRİ məkanına daxil olan dövlətlərlə müqayisədə olduqca yüksək faizdir. Əgər Rusiyada 1000 rublun müqabilində 0,3 dollar qaytarılırdısa, Azərbaycanda bu 1000 rubla 150 manat qaytarılacaq. Qazaxıstanda isə bu göstərici digər dövlətlərdən bir qədər artıq -1000 rubl müqabilində 6 dollar qaytarılıb. Bütün bunlar isə Azərbaycanın keçmiş SSRİ dövlətləri içərisində son 20 ildə daha yüksək inkişab etmiş dövlət olduğunu daha aydın göstərir. Biz həmişə insanların arasında oluruq və onların bu hadisəni sevinclə qarşıladıqlarını görürük. Bir də sovet dövründə əmanətlərin batması insanları günahı deyildi. Ona görə də, bu əmanətlər qaytarılmalı idi. Mən belə bir qərar verdiyi üçün dövlət başçısına təşəkkür edirəm".
Ə.Məsimli iyunun 1-dən etibarən əmanətlərin qaytarılması prosesinin bu gün də şəffaf aparıldığını dedi: "Etiraf etmək lazımdır ki, Maliyyə Nazirliyi, eləcə də, Kapital Bank insanların məlumatlanması ilə bağlı xeyli işlər həyata keçirib. Ümumiyyətlə, sovet dövründən qalan əmanətlərin qaytarılması qaydaları ədalətlidir".
R.KAMALQIZI