Ermənistanın respublikamıza qarşı apardığı müharibə yalnız ərazilərimizin 20 faiz işğalı ilə deyil, eyni zamanda, minlərlə döyüşçümüzün şəhidlik zirvəsinə ucalması, ağır savaşda fiziki qabiliyyətini itirərək əlil olması ilə nəticələndi. Torpağımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların ailələrinə, fiziki qabiliyyətini itirmiş vətəndaşlara diqqət, onların problemlərinin həll edilməsi ümdə vəzifələrdəndir. Müharibə şəraitində olmağımıza baxmayaraq, dövlət Qarabağ veteranlarına, əlillərinə daim diqqət və qayğı göstərir, problemlərinin həlli ilə məşğul olur. Ölkəmizin bütün regionlarında müharibə iştirakçılarına dövlət hesabına mənzillər, torpaq sahələri, fərdi yaşayış evləri verilmişdir.
Eyni zamanda, Milli Məclisdə bununla bağlı müzakirələr aparılmış, qanunlar qəbul edilmişdir. Milli Məclisinin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli "Səs"ə verdiyi açıqlamasında bildirib ki, parlamentin qarşıdakı növbəti payız sessiyasının iclasında bir çox qanunlar müzakirə olunacaq: "Bütün sahələrdə tərəqqi proseslərinin geniş vüsət aldığı ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən, əlilliyi olan şəxslərin hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlər də ilbəil güclənir. Diqqətinizə çatdırım ki, bu gün Azərbaycanda 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Bu faktın özü bir daha göstərir ki, ölkəmizdə əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasıdır. Bildiyiniz kimi, son illərə kimi mövcud qanunvericilikdə Böyük Vətən müharibəsi əlilləri ilə bu müharibənin iştirakçıları ayrı-ayrı bölmələrdə verilirdilər. Ancaq dövlət başçısının imzası ilə parlamentə göndərilən qanun layihəsində qeyd olunur ki, Böyük Vətən müharibəsi əlilləri ilə iştirakçıları eyni qrupda, eyni bölmədə birləşdirilsinlər. Daha doğrusu, 3-cü qrup Böyük Vətən müharibəsi əlilləri ilə sözügedən müharibənin iştirakçısı olan, lakin əlil olmayan şəxslərin imtiyazları eyniləşdirilir. Əgər bu günə kimi onların pensiyalarının baza hissəsi 50 faiz nəzərdə tutulurdusa, bu dəyişiklikdən sonra həmin rəqəm 50-dən 90-a qaldırılacaq. Hazırda Azərbaycanda 13 min 700 şəhid ailəsi, 11 min Qarabağ əlili var. Müharibə veteranlarının sayı isə təxminən 76 mindən çoxdur. Bu gün əlində silah, 5 il vuruşub yaralanmayan veteranımız da var, bir həftəlik ezamiyyətə gedən polis əməkdaşımız da. Bir həftə ezamiyyətdə olan həmin polisə deyəndə ki, "sən veteran deyilsən", cavab verir ki, "mən də ölə bilərdim". Onun dediyində də əsas var. Ona görə də veteranların təsnifatlandırılmasına ehtiyac duyulur. Bununla bağlı ideyalar var və həyata keçiriləcək. Qarabağ müharibəsi veteranları ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Prezidentin tapşırığı əsasında da məhz veteranların təsnifatlandırılması və müharibə veteranlarının imtiyazlarının öyrənilməsi prosesi gedir".
Millət vəkili bildirdi ki, Ulu Öndər Heydər Əliyev öz qayğısı ilə 1941-45-ci illər müharibəsi veteranlarına da sanki ikinci həyat bəxş etmişdi: "Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən maddi yardımlar ildən-ilə artır. Prezident İlham Əliyevinin xüsusi tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülüb və görülməkdədir".
H.Rəcəbli Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da əlillərin problemlərini daim diqqətdə saxladığını söylədi: "Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğının artırılması Heydər Əliyev Fondunun geniş spektrli fəaliyyətinin mühüm məqamlarındandır. Fondun "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi çərçivəsində Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat məktəbində gördüyü işlər Mehriban xanım Əliyevanın bu qəbildən olan insanlara qayğısının göstəricisidir. Layihənin həyata keçirilməsi nəticəsində səsyazma studiyası, studiya daxilində kitabxana yaradıldı. Bu da görmə qabiliyyətini itirənlərin kitabları audio variantda mənimsəmələri üçün unikal imkanlar demək idi".
R.KAMALQIZI