PDF Oxu

Sosial

  • 33

Ermənistan iqtisadi tənəzzül astanasında...

Elman Nəsirli: "İşğalçı ölkədə yoxsul ailələrdə uşaq ölümünün sayı hər 1000 nəfərə 41 nəfərdir ki, bu da dünya miqyasında olduqca yüksək göstərici hesab olunur"

Ermənistan iqtisadi tənəzzül astanasında...

İqtisadi tənəzzül astanasında olan işğalçı Ermənistanda əhali işsizlik, səfalətdən əziyyət çəkir. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli qəzetimizə verdiy açıqlamasında bildirdi ki, son 10 ildə Serj Sarkisyanın erməniləri dilənçi vəziyyətinə salıb: "Ermənistan hökuməti ölkədəki ağır durumla bağlı hər oyundan çıxıb. Dilənçilik etməyə adət edən işğalçı ölkənin prezidenti Serj Sarkisyan bu yaxınlarda Avropa Birliyinə də maddi yardım üçün müraciət etmişdi və qəti yox cavabı almışdı. İndi isə həmin müraciətlə tərəfdaşı, müttəfiqi olan qonşu Rusiya dövlətinə ünvanlanıb.

"Qolos Armenii" qəzetinin yazdığına görə, Ermənistan Rusiyadan borc olaraq 800 milyon-1 milyard arası maliyyə vəsaiti istəyib. Hələlik, Rusiya tərəfdən heç bir cavab gəlməyib. Ona görə də, borc pul tapmaq üçün bütün imkanlardan istifadə edir. Belə desək, çatana ağız açır. Ona görə də, getdikcə, əziyyət çəkən Ermənistan əhalisini rəqəmlərlə doyurmaq mümkün deyil".

E.Nəsirli işğalçı ölkədə baş verən proseslər onu göstərir ki, ilin sonunadək Ermənistan əhalisinin 70 faizi gəlirlərinin ən azı 17 faizini itirəcək: "Bu gün Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri sıfıra bərabərdir. Doğrudan da, bu gün Ermənistan iqtisadiyyatı elə bir qarşısıalınmaz fəlakətlə üzləşib. Ölkə iqtisadiyyatı bütün sahələr üzrə tənəzzülə uğrayır. İstehsal sahələrinin böhranlı vəziyyəti daxili tələbatı ödəyəcək qədər məhsul istehsalına imkan vermir. Ermənistanın xarici borcunun dövlət büdcəsini üstələməsi isə onsuz da maliyyə durumu ağır vəziyyətdə olan bu ölkəni daha da çökdürür. Nəticədə, Ermənistan mövcudluğunu davam etdirə bilmək üçün xarici yardımlardan, ianələrdən tamamilə asılı vəziyyətə düşüb. İqtisadi gerilik, təbii olaraq, hər şeydən əvvəl əhalinin sosial-maddi rifahına mənfi təsir göstərir. Bunun təsdiqi kimi nüfuzlu "Gallup" təşkilatının bu yaxınlarda Ermənistanda keçirdiyi sorğunun nəticələrini xatırlatmaq olar. Həmin sorğunun nəticələrinə görə, Ermənistanda əhalinin 44 faizi xaricdə işləmək istəyir. Yeri gəlmişkən, bir faktı da xatırladaq ki, bu ilin əvvəllərində açıqlanan başqa bir sorğunun nəticələrinə görə isə, Ermənistan gənclərinin 70 faizi ölkəni tərk etmək və xaricdə məskunlaşmaq istəyir. Eyni zamanda, yaranmış iqtisadi çətinlik ölkədə ana və uşaq ölümünün sayının getdikcə artdığına təsir edir. Belə ki, "World Vision Armenia" beynəlxalq humanitar təşkilatının yaydığı məlumata görə, Ermənistanda yoxsul ailələrdə uşaq ölümünün sayı hər 1000 nəfərə 41 nəfərdir ki, bu da dünya miqyasında olduqca yüksək göstərici hesab olunur. Bütün bunlar, əslində, ölkənin durumu ilə bağlı ciddi siqnaldır".

E.Nəsirli işğalçı ölkənin iqtisadiyyatının ötən əsrin 80-ci illəri səviyyəsində qaldığını deyərək Serj Sarkisyan hakimiyyətinin xarici siyasətinin uğursuz olduğunu söyləyib. Politoloqun sözlərinə görə, sərhədləri bağlı olan işğalçı ölkə böyük gəlirlər gətirən bir sıra iri, regional enerji-kommunikasiya layihələrindən kənarda qalıb və bu siyasətini davam etdirdiyi müddətdə də təbii olaraq belə layihələrə hər zaman kənardan baxacaq: "Sonda deyilənləri ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, Sarkisyan rejimi yeritdiyi indiki daxili və xarici siyasətdə köklü dəyişikliklər etmədən Ermənistanı düşdüyü bəlalardan xilas edə bilməz. Sadalanan bütün problemlərin kökündə isə Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı birləşmələrinin qanunsuz nəzarəti altında saxlanmasıdır. Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyan dəfələrlə bəyan edib ki, Türkiyə və Azərbaycanla münasibətlər düzəlmədən ölkəsi inkişaf edə bilməyəcək. Bu, həqiqi reallıqdır".

Aytən Səmədova

Digər xəbərlər