Elşən Manafov: "Rusiya Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimləməsini vurğulasa belə, yenə də, Ermənistana olan dəstəyini əsirgəməyəcəkdir"
Dağlıq Qarabağdakı separatçı rejim daha geniş formada əhatə dairəsini genişləndirib. Bunun qarşısının alınması üçün dünya birliyi nə zamana qədər ikili standartlardan çıxış etməkdə davam edəcək? Nəzarətsiz zona olan işğal altındaki Azərbaycan ərazisi olan Dağlıq Qarabağda insan alveri, narkotik madələrin becərilməsi digər qeyri-qanuni halların olacağından xəbər verir. AŞPA, ATƏT kimi beynəlxalq təşkilatlar buna görə Dağlıq Qarabağın işğalında xüsusi rolu olan Ermənistana hər hansı bir sanksiya tətbiq etməkdə, niyə çəkinir?
Məsələyə münasibət bildirən politoloq, Demokratik Sol Partiyasının sədri Elşən Manafov qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik qismində çıxış edən ATƏT-in Minsk Qrupunda təmsil olan dövlətlərin ikili standartlara istinadən münaqişə ilə bağlı mövqeləri, həmin dövlətlərin Cənubi Qafqazla bağlı geosiyasi maraqlarından irəli gəlir. Burada ABŞ Avropanın enerji təhlükəsizliyi ilə bağlı amilləri nəzərdə tutaraq, bu münaqişənin tənzimlənməsinin tərəfdarıdır. Amma maraqlı məqam ondan ibarətdir ki, ABŞ-ın özü sözügedən münaqişənin ədalətli həllinin tərəfdarı deyil. Çünki ABŞ-ın indiyə qədər həyata keçirdiyi siyasət bunu deməyə əsas verir. Yəni bir tərəfdən ABŞ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimləməsinin vacibliyini vurğulayırlar, digər tərəfdən isə müstəqil və suveren Azərbaycan Respublikasının başı üzərindən Dağlıq Qarabağ separatçı rejiminə humanitar yardım adı altında fərqli yardımlar göstərirlər. Rusiya isə Dağlıq Qarabağ münaqişəsinin gedişində iştirak edən tərəfdir. Çünki Rusiya Ermənistanla strateji mütəffiq münasibətlərinin olması ilə yanaşı həm də Rusiyanın Ermənistan ərazilərində hərbi bazaları var. Ümumiyyətlə, Rusiya tərəfi bu münaqişənin status-kvo vəziyyətində saxlanması üçün öz səylərini daha da artıracaq. Baxmayaraq ki, son vaxtlar məhz Rusiya tərəfinin vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün danışıqlar aparılıb. Yəni, V.Putin iqtidarı dövüründə Rusiya tərəfi bu məsələyə fərqli mövqe sərgiləyəcək. Rusiya Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimləməsini vurğulasa belə yenə də Ermənistana olan dəstəyini əsirgəməyəcəkdir. Fransaya gəlincə, Fransa iqtidarları bir qayda olaraq erməni əsili fransız vətəndaşlarının səslərinə ehtiyac duyduqlarından və erməni lobbisinin güclü olmasına görə bu dövlətlər Dağlıq Qarabağ münaqişəsinin indiki geosiyasi reallıqlar konteksində tənzimləməsində maraqlı tərəf deyillər. Bir sözlə, Azərbaycan dövləti işğalçı ölkə olan Ermənistandan bu və ya digər para metirlərinə görə üstündür. Onsuz da gec-tez Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.
GÜLYANƏ