Elton Məmmədov: "Turizmin inkişaf etdirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsində və xarici iqtisadi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynayır"
Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında öz mövqeyi, eləcə də, mövcud potensialı ilə seçilmiş və özünəməxsus yer qazanmışdır. Xüsusilə də, zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. Milli Məclisin Təbii Ehtiyatlar və Energetika Məsələləri Komitəsinin sədri müavini, millət vəkili Elton Məmmədov 27 sentyabr Ümumdünya Turizm Günü ilə bağlı "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə sahib olan ölkəmiz turizm sahəsində böyük inkişaf perspektivlərinə, tükənməz potensiala malikdir: "Bildiyiniz kimi, respublikamızın hər cür təbii iqlim, landşaft şəraiti, iqtisadi imkanları və turizm obyektləri mövcuddur. Ölkə başçısı Cənab İlham Əliyevin Azərbaycanda turizm sahəsinə ayırdığı diqqət Azərbaycanın beynəlxalq arenada öz turizm potensialını nümayiş etdirməyə şərait yaradır. Bunun müqabilində Azərbaycana gələn turistlərin axını artır. Dövlət başçısının Sərəncamı ilə 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqi isə bu işin daha da sürətlənməsi ilə nəticələndi. "Turizm ili"ndə həm Bakıda, həm də bölgələrdə yeni müasir otellər istismara verildi. Həmçinin, onu da qeyd edim ki, turizmin inkişaf etdirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsində və xarici iqtisadi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynayır".
E.Məmmədov turizmin və iqtisadi əməkdaşlığın genişlənməsi sahəsində həyata keçirilən layihələrdən də danışdı. Bildirdi ki, Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir: "Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Dövlət Proqramında göstərilir ki, 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda, ötən dövr ərzində onların sayı 4 dəfə artaraq, 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədi ilə ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyəti həyata keçirilir. Turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmlərinin yaradılması əsas şərtlərdəndir. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır. Respublikada əldə olunan sosial-iqtisadi irəliləyiş isə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kimi mühüm vəzifənin həllinə imkan verir. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələr, müasir otellərin sayı da getdikcə artır, ölkədə gələn turistlər üçün yaradılan şəraitin səviyyəsi də ildən-ilə yüksəlir, turistlər üçün yeni imkanlar yaradılır. Bütün bu tədbirlər isə ölkəmizə gələn turistlərin sayına təsirsiz qalmır, bu say ildən-ilə artır".
Millət vəkili onu da söylədi ki, Azərbaycanda turizmlə bağlı layihələrdən biri də ölkəmizin "Avroviziya-2012" yarışmasının keçirilməsi oldu: "Hesab edirəm ki, "Eurovision-2012" musiqi yarışmasının yüksək səviyyədə keçirilməsi bir daha Azərbaycanın Avropanın inkişaf templərinə uyğun hərəkət edən bir ölkə olduğunu, eyni zamanda, Azərbaycanın stabil inkişaf edən bir ölkə olduğunu göstərdi".
E.Məmmədov onu da bildirdi ki, Azərbaycanda turizmlə bağlı möhtəşəm layihələrdən biri də Qusarda inşa olunan və regionda analoqu olmayan Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsidir: "Bir həqiqət də odur ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğidir. Bütün bu uğurların qazanılmasında isə, təbii ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş inkişaf strategiyasının mühüm rolu var".
RƏFİQƏ KAMALQIZI