PDF Oxu

Sosial

  • 62

Ermənistanın işğalçılıq siyasəti

Elşad Mirbəşiroğlu: "Ermənistanın Xankəndi aeroportunu açmaq cəhdi bir daha onu göstərir ki, bu ölkə özünün təxribatçı və işğalçı mövqeyində israrlıdır"

Ermənistanın işğalçılıq siyasəti

Son vaxtlar mətbuatda yayılan məlumatlara görə, işğal altında olan Xankəndi aeroportunun növbəti həftə istifadəyə verilməsi planlaşdırılır. Bu Ermənistanın növbəti təxribatı kimi dəyərləndirilə bilərmi? Ermənistanın təxribatları fonunda dünya birliyinin və beynəlxalq təşkilatların məsələyə ikili yanaşması nə zamana qədər davam edəcək? Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Azərbaycana aid olan ərazidən işğalçı Ermənistanın bu cür formada istifadə etməsi bir daha Azərbaycanın ərazi bütövlüyünə müdaxilə etmək deməkdir.

Yəni, Xankəndi Ermənistanın işğalında olsa da, gerçəklikdə Azərbaycana aid olan ərazidir. Bir sözlə, Ermənistanın Xankəndi aeroportunu açmaq cəhdi bir daha onu göstərir ki, bu ölkə özünün təxribatçı və işğalçı mövqeyində israrlıdır. Bu da onu qeyd etməyə əsas verir ki Ermənistan heç də Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi istiqamətində hər hansı bir addım atmaq niyyətində deyil.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verərək, bildirdilər ki, biz status-kvo vəziyyətinin bu cür davam etməsi ilə barışa bilmərik. Demək olar ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səsləndirdiyi bu bəyanat özü-özlüyündə qeyri-səmimi xarakter daşıyır. Çünki ATƏT-in Minsk Qrupu həmsədrləri başda olmaqla, bütün dünya ölkələri də status-kvo vəziyyətinin nə səbəbdən qalmasını çox gözəl başa düşürlər. Amma buna baxmayaraq, vəziyyətin belə bir formada saxlanılmasının səbəbkarı olan Ermənistana qarşı hər hansı bir addım atılmır. Birmənalı şəkildə demək olar ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində ikili yanaşmadan çıxış edirlər. Yəni, dünyanın güc dövlətləri çox gözəl bilirlər ki, həqiqətən də, Ermənistan Azərbaycan torpaqlarını işğal etmiş işğalçı bir ölkədir. Dünya dövlətləri bu həqiqəti bildiyi halda, Ermənistana qarşı heç bir ciddi təzyiqlər göstərmirlər. Gec-tez haqq öz yolunu tutacaqdır. Bu gün Azərbaycan bütün sahələr üzrə Ermənistandan qat-qat üstündür. Yəni, Azərbaycan tərəfi istənilən vaxt işğal altında olan ərazilərini azad etmək gücünə malikdir. Amma buna baxmayaraq, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına üstünlük verir. Bu da Azərbaycan dövlətinin humanist olmasını ifadə edir. Yəni, bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbkarı məhz Ermənistan tərəfidir.

GÜLYANƏ

Digər xəbərlər