Artıq Milli Məclis payız sessiyasına başladı. Payız sessiyasının qısımüddətli olmasına baxmayaraq, qanunverici orqanda bir sıra əhəmiyyətli məsələlrin müzakirəyə çıxarılacağı və qanunların qəbulu gözlənilir. Millət vəkili İsa Həbibbəyli "Səs" qəzetinə verdiyi ekskuliziv açıqlamasında təhsillə bağlı qanunun qəbul olunmasını istisna etmir: "Milli Məclisin builki payız sessiyasında ölkəmizin, müstəqil dövlətimizin inkişafı ilə əlaqədar çox zəruri, mühüm əhəmiyyətə malik qanunların qəbul olunmasını nəzərdə tutur. Mühüm cəhətlərdən biri də mənim sahəmə yaxın olan məsələnin - elm, təhsillə bağlı qanunların da müzakirə olunacağı nəzərdə tutulmuşdur. Bunlardan ali məktəb, elm haqqında qanunuların, tələbələrə kredit borcunun ödənilməsi haqqında qanunun və sairə bu kimi qanunların payız sessiyasının gündəliyinə salınmışdır.
Bu qanunların sessiyanın iclaslarında müzakirəyə çıxarılması Azərbaycanda təhsilin inkişafının qanunvericilik bazasının müstəqillik dövrünün prinsiplərinə uyğunlaşdırılması baxımından çox böyük əhəmiyyətə malik olan hadisədir. Bu qanun layihələri Azərbaycan təhsil sisteminin bundan sonra daha yüksək səviyyədə inkişafına özünün töhfəsini verəcəkdir".
Milli Məclis payız sessiyasında 2013-cü ilin dövlət büdcəsinin də müzakirəsi olunacağını deyən H.Həbibbəyli bildirdi ki, ənənəyə uyğun olaraq hər il büdcə məsələsi müzakirə olunur: "Builki payız sessiyasında da büdcə məsələsinin geniş müzakirəsi olacaq. Fərdli cəhətlərdən biri də ondan ibarətdir ki, Azərbaycan büdcəsi hər il yüksələn templə artır və inkişaf edir. Belə ki, son bir il ərzində Azərbaycanın dövlət büdcəsindən təhsilə ayrılan vəsait təxminən 300 milyon manat artıb. 2011-ci ildə Azərbaycanın dövlət büdcəsindən təhsil sahəsinə 1 milyard 268 milyon manat ayrılıbsa, 2012-ci ilin büdcəsində bu vəsait 1 milyard 515 milyon manat təşkil edib. Təhsilə qoyulan investisiya xərcləri 2011-ci ildə 273,2 milyon manatdan 2012-ci ildə isə 420 milyon manata yüksəlib. Məhz bu inkişafın nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də Azərbaycan dövlət büdcəsindən elm, təhsilin inkişafına yönəlmiş vəsaitin həcminin daha çox artdığının şahidi oluruq. Çünki təhsilin inkişafı Azərbaycan dövlətini maraqlandırır və diqqət göstərdiyi prioritet dəyərlərdən biridir. İnanıram ki, builki dövlət büdcəsi də həm sosialyönümlü olacaq, daha dəqiq desək həmin büdcədə xalqın rifah halının yaxşılaşması istiqamətində müəyyən müddəalar əlavə olunacaq, həm də Azərbaycan təhsilinin və elmin inkişafı üçün ayrılmış vəsait əvvəlki illərlə müqayisədə artırılacaq. Bu isə, ölkəmizdə yeni intellektual ziyalılığın, yüksək səviyyəli mütəxəsisslərin hazırlanmasına xidmət edəcək".
RƏFİQƏ HÜSEYNOVA