Cari ilin ilk 7 ayı ərzində Ermənistanı 83 min 760 nəfər tərk edib
Sosial-iqtisadi sferada getdikcə daha böyük çətinliklərlə üzləşən Ermənistanda dərinləşməkdə olan problemlərdən biri də miqrasiya ilə bağlıdır. Ölkənin iqtisadi çətinliklər məngənəsində boğulması fonunda miqrasiya prosesi daha geniş vüsət almaqdadır. Hakimiyyət tərəfindən görülən preventiv tədbirlər isə sadəcə olaraq əks effekt verməkdədir. Qeyd olunan fonda əvvəlki kimi Ermənistanı tərk edənlərin sayı sürətlə artır və bu proses artıq dönməz xarakter alıbdır.
Rəsmi rəqəmlər də miqrasiyanın sürətlənməkdə olduğunu göstərir. Müstəqil tədqiqat mərkəzləri, ayrı-ayrı ekspertlər isə Ermənistanı tərk edən miqrantların sayının rəsmi rəqəmləri bir neçə dəfə üstələdiyini bildirirlər.
Ermənistanın miqrasiya xidmətinin bildirdiyinə görə, təkcə cari ilin ilk 7 ayı ərzində Ermənistanı 83 min 760 nəfər tərk edib. "Aykakan Jamanak" qəzeti isə bu rəqəmin ən azı iki dəfə artıq olduğunu bildirir. Lakin elə rəsmi rəqəmlərin özü ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəni birdəfəlik tərk edənlərin sayının 5 min nəfər və ya 6,5 faiz artdığını göstərir. Təkcə iyul ayında ölkəni birdəfəlik tərk edənlərin sayı 10 min nəfəri ötüb. Ölkədə miqrasiyanın səbəbi barədə isə maraqlı fikirlər səslənir. Məsələn, Ermənistan Politoloqlar Assosiasiyasının sədri Amayak Ovanesyan vurğulayır ki, əhalinin Ermənistanı kütləvi şəkildə tərk etməsinin səbəbi Ermənistandakı siyasi vəziyyətdir. Sonuncu parlament seçkiləri ölkədə müxalifətin olmadığını göstərdi. Müxalifət rolunda çıxış edən siyasi partiyalar hakimiyyətin ödədiyi müəyyən məbləğdə pulun müqabilində səssiz qalmağı üstün tuturlar. Buna görə də əhali maraqlarını təmsil edən siyasi qüvvə tapa bilməyərək, Ermənistanı tərk etmək qərarına gəlir. Heç bir halda xalqın maraqları heç bir siyasi qüvvə tərəfindən müdafiə olunmur. İşsizlik, aclıq və qanunsuzluq ölkənin boşalmasının əsas səbəbləridir.
Onu da bildirək ki, rəsmi statistikaya görə, Ermənistanda əhalinin sayının 3,3 milyon olduğu bildirilir. Lakin reallıqda Ermənistanda indi bundan iki dəfə az insan yaşayır. Araşdırmalar göstərir ki, bu ölkədəki miqrantların sayı yerli əhalinin sayından çoxdur və Ermənistan bu göstəricisinə görə dünyada yeganə ölkədir. Erməni miqrantlar indi daha çox Avropaya üz tutmağa üstünlük verirlər və onların sayında ciddi artım var. Ümumilikdə, cari ilin ilk 7 ayı ərzində Belçikadan sığınacaq istəyən ermənilərin sayı 385 nəfər olub. Sığınacaq üçün müraciət edən Ermənistan vətəndaşlarının dəlilləri də dəyişməz olaraq qalmaqdadır. Onlar əsasən səfalət və siyasi əqidəsinə görə təqib olunmaqdan şikayət edirlər.
Ermənistan əhalisinin 66 faizi ölkədəki vəziyyətdən narazıdır
Ermənistan əhalisinin 66 faizi ölkədəki vəziyyətdən narazıdır. Ermənistan ekspertlərinin araşdırmalarına əsasən, respondentlərin 38 faizi ölkədəki vəziyyətdən tam narazıdır, 28 faizi əsasən narazıdır, 1 faizi cavab verməkdə çətinlik çəkib, 30 faizi əsasən razıdır, 3 faizi isə olduqca razıdır. Respondentlərin 27 faizi hesab edir ki, ölkədə vəziyyət, heç şübhəsiz ki, pisləşir, 28 faizi vəziyyətin pisləşməyə doğru getdiyini bildirib. 51 faiz respondentin fikrincə, bu gün ölkə qarşısında dayanan ən kəskin problem işsizlik və işədüzəlmədə çətinliklərdir. Rəyi soruşulanların 46 faizi hesab edir ki, əsas problem ərazilərin abad olmamasıdır (küçələrdə palçıq, işıqlandırmanın olmaması və s.). Yoxsulluq, aşağı əməkhaqqı və pensiya 35 faiz respondent üçün ən ciddi problemdir. Araşdırmada iştirak edənlərin 29 faizi hesab edir ki, isitmə, elektik enerjisi, su təchizatındakı fasilələr ən ciddi problemdir.
Ermənistanda uşaqların 41,4 faizi yoxsulluğun son həddində yaşayır
Nüfuzlu beynəlxalq təşkilat olan UNİCEF Ermənistanda uşaqların həyat səviyyəsi ilə bağlı verilən məlumata görə ölkədə 300 min, yəni ölkədəki uşaqların 41,4 faizinin yoxsulluğun son həddində yaşadığını, onların arasında 27 min uşağın vəziyyətinin daha ağır olduğunu bəyan edibdir. Ermənistandakı uşaqların yoxsulluğun son həddində yaşamalarına əsasən dörd və daha artıq uşağı olan ailələrdə rast gəlinir.
İşğalçı ölkədə yaranmış ağır iqtisadi vəziyyət, həyat şəraiti, yoxsulluğun səviyyəsinin yüksəlməsi, inflyasının sürətlənməsi Ermənistanda sosial qiyamın baş verməsini əsaslandırır. Bir sözlə, Ermənistanda sosial-iqtisadi vəziyyət daha da ağırlaşıb və bu tendensiya sosial partlayışa səbəb ola bilər.
Aytən Səmədova