PDF Oxu

Sosial

  • 55

Müxalifət Gürcüstan seçkilərini özünküləşdirməyə cəhd edir

"Qonşuda bişər, bizə də düşər" prinsipi "liderlərin" ucuz populizmlərinin məhsuludur

Müxalifət Gürcüstan seçkilərini özünküləşdirməyə cəhd edir

Artıq bir neçə gündür ki, Gürcüstan müxalifətinin parlament seçkilərindəki qələbəsindən ruhlanan Azərbaycan müxalifətinin "liderləri" ucuz populizmlərə söykənən müxtəlif bəyanatlar verməklə guya həmin hadisələrin, yəni seçkilərin onlara da təsir edəcəyini iddia edirlər. Daha dəqiq desək, Gürcüstan seçkilərini bəri başdan özünküləşdirməyə cəhd göstərirlər. "Qonşuda bişər, bizə də düşər" prinsipinə ümid edən ənənəvi müxalifət "liderləri" qonşu dövlətdə baş verən seçki prosesinin Azərbaycana təsirlərini istisna etməməklə hadisələri düzgün qiymətləndirmir, bununla da düşdükləri çıxılmaz durumu daha açıq formada təzahür etdirirlər. Bu amil həm də onların özlərini qarşıdan gələn seçkilərdə sığortalamaq cəhdlərinin göstəricisidir.

Gürcüstan müxalifəti Azərbaycan müxalifətindən fərqli olaraq, sivil qaydada real gücünü, siyasi baxışlarını göstərməyə müvəffəq oldu

Lakin bütün bunlara baxmayaraq, Gürcüstanda başqa siyasi mühitin mövcudluğunu dərk etməyən Azərbaycan müxalifətinin yetkililəri burada geosiyasi hadisələri də düzgün qiymətləndirmək bacarığında olmadıqlarını göstərirlər.

İlk öncə qeyd edək ki, seçkilərdə qələbə çalan "Gürcü Arzusu" hərəkatının lideri Bidzina İvanişvili Qərb meyilli bir siyasətçidir. Sirr deyil ki, bu gün Gürcüstan əhalisi məğlub olmuş prezident Saakaşvilinin idarəçilik metodundan yorulub. Eyni zamanda, Gürcüstanda əhali müxtəlif qadağalarla idarə olunduğu üçün bu, yaxşı effekt vermədi. Digər tərəfdən, Gürcüstan müxalifəti Azərbaycan müxalifətindən fərqli olaraq, sivil qaydada real gücünü, siyasi baxışlarını göstərməyə müvəffəq oldu və əhalinin narazı hissəsini öz ətrafında birləşdirdi. Məhz bu baxımdan, Gürcüstan seçkilərinin Azərbaycan müxalifətinin fəaliyyətinə təsir göstərəcəyi ilə bağlı fikirlər özündə heç bir həqiqəti göstərmir. Çünki birinci olaraq, Azərbaycanın real iqtidarı ilə Gürcüstanın iqtidarı arasında böyük fərq var.

Azərbaycanda monolit xalq yaşayır

Azərbaycan iqtidarı müxtəlif təbəqələrin maraqlarını tələb olunan formada idarə edə bilir və insanları özündən narazı salmamaq iddiasını özündə əks etdirir. Gürcüstanda isə belə deyildi. Rusiyaya meyilli qüvvələr təqib olunur, insanlar siyasi baxışlarını tam formada əks etdirə bilmirdilər. Azərbaycanda isə insanları qruplara bölmək ideyası ümumiyyətlə yoxdur. Bu gün faktiki olaraq Azərbaycanda monolit xalq yaşayır. Hər kəs özünün əməyinə uyğun olaraq öz həyatını qura bilir. Azərbaycanın geniş əhatəli əlaqələri, o cümlədən, Rusiya ilə əməkdaşlıq əlaqələri mövcuddur. Gürcüstan isə birmənalı şəkildə Rusiyanı inkar edir, Amerikaya meyillidir və Avropanı tam mənası ilə qəbul etmir. Bu baxımdan, Azərbaycan müxalifətinin nəyə sevindiyini anlamaq çətindir. Bu kimi nüanslara arxalanaraq, bir daha demək mümkündür ki, Gürcüstanda baş verən prosesləri Azərbaycanla eyniləşdirmək qətiyyən olmaz.

AFƏT TAHİRQIZI

Digər xəbərlər