Bununla bağlı 2013-cü ilin dövlət büdcəsindən 2 milyon manat vəsaitin ayrılması mövcud problemlərin aradan qaldırılmasına yardım göstərəcək
Hüquqi-demokratik dövlət quruculuğu prosesində inamla irəliləyən Azərbaycanda 100-ə yaxın siyasi partiya fəaliyyət göstərir. Onların müasir dövrün tələblərinə uyğun normal fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hər cür şərait və imkanlar yaradılıb. Artıq 2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2 milyon maliyyə vəsaiti ayrılıb. Bununla da partiyaların ayrı-ayrı qruplardan və ya fondlardan asılılığı tamamilə aradan qaldırılır. Bəllidir ki, elə partiyalar var ki, onlar maliyyə problemlərini həll etmək üçün gizli şəkildə müəmmalı fondlarla əməkdaşlıq münasibətləri qururlar. Bu da, təbii ki, həmin partiyaların Azərbaycanın milli dövlətçilik maraqlarından çıxış etməsini məhdudlaşdırır. Bu da Azərbaycan cəmiyyəti üçün heç də faydalı görünmür. Xüsusi ilə, belə partiyaların rəhbərləri də təsadüfi şəxslər seçilməklə, onun fəaliyyəti cəmiyyətin nəbzinə yad bir yol seçir. Belə xoşagəlməz tendensiyaların qarşısını almaq üçün siyasi partiyaların maliyyələşməsi məsələsinin gündəmə gətirilməsi heç də təsadüfi addım deyil. Ona görə də Azərbaycanın siyasi sistemində uzun illərdir ki, ciddi problemlərdən olan siyasi partiyaların maliyyələşməsi məsələsi artıq öz həllini tapıb. Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildə qəbul olunan "Siyasi partiyalar haqqında"" Qanun müasir Azərbaycanın siyasi gündəmindəki baş verən hadisələri tənzimləmək gücündə deyildi. Ona görə da bu Qanun üzərində xeyli müzakirələr aparılaraq, bu sahədə ixtisaslaşmış ölkələrin təcrübəsindən qaynaqlanaraq yeni fundamental "Siyasi partiyalar haqqında"" Qanun təkmilləşdirildi.
Almaniya, Fransa və Türkiyə kimi inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, görərik ki, beynəlxalq təcrübədə də partiyaların maliyyələşməsi prosedurunda fikir ayrılıqları var. Bu heç də siyasi qarşıdurmalara gətirib çıxarmır. Siyasi partiyaların maliyyələşməsini şərh edərkən iki məqamı vurğulamaq lazımdır. Birinci məqam ondan ibarətdir ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi siyasi partiyaların ictimai təşkilat kimi fəaliyyətini arxa plana atır. Bu yanaşma bütün prizmalardan düzgün deyil. Amma ikinci məqam partiyaların dövlət tərəfindən maliyyələşməsi siyasi partiyaları ayrı-ayrı dövlətlərin təsiri altına düşməsindən, bu və ya digər cəhətdən onların maraqlarına xidmət etməsindən tamamilə uzaqlaşdırır. Bu məqam kifayət qədər ciddi və əhəmiyyətli hesab olunur. Ona görə ki, belə yanaşma müstəqil dövlətçiliyin uzun müddət qorunub saxlanması üçün daha önəmli hesab edilən məsələlərdəndir. Məhz Azərbaycanda "Siyasi partiyalar haqqında"" Qanuna edilən əlavə və dəyişikliklərə bu prizmadan yanaşmaq daha düzgün olardı. Fundanmental şəkildə edilən əlavə və dəyişikliklər ölkədə siyasi partiyalar sistemində yeni bir canlanma yaradacaq.
Milli Məclisin bu il 20 aprel tarixli iclasında "Siyasi partiyalar haqqında"" Qanuna əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, partiyaların maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca göstərilir. Vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq paylanır. Sosial sifariş kimi təzahür olunan bu qanunun tətbiqi gələn ildən başlayacaq.
Azərbaycanda "Siyasi partiyalar haqqında"" Qanuna edilən dəyişikliklərə görə, 2013-cü ilin ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitin məbləği də artıq məlumdur. Buna müvafiq olaraq 2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi gələn il üçün ilk dəfə Azərbaycanda siyasi partiyaları maliyyələşdirmək üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılacaq.
Əlavə və dəyişikliklərlə hazırlanan qanun layihəsində göstərilən müddəalar Milli Məclisə keçirilən seçkilərdə səs qazana bilməyən siyasi partiyaların müəyyən narazılığına səbəb olsa da, reallıq onu göstərir ki, bu qanun beynəlxalq təcrübəyə uyğunlaşdırılıb və Venesiya Komissiyasının rəyləri nəzərə alınıb. Qanun layihəsində əksini tapan müddəalar bir növ xalqın iradəsinin ifadəsi kimi təzahür edilir. Bu da müxalif qüvvələrin maraqları ilə heç də uyğun gəlmir.
Babək Hacıyev