"2013-cü ilin büdcə zərfi ilə əlaqədar Azərbaycan hökumətində müvafiq müzakirələr gedib və büdcə zərfi artıq cənab Prezidentə təqdim olunub. Aldığımız məlumata görə, gələn ilin büdcəsində də rəqəmlərdə müəyyən qədər artım edilib, yəni 2013-cü ilin büdcəsinin xərclər hissəsi təxminən 20 milyard manata yaxındır". Bu fikirləri Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov qəzetimizə verdiyi açıqlamasında bildirib.
Millət vəkilinin qeyd etdiyinə görə, gələn ilin büdcəsini 2012-ci ilin büdcəsi ilə müqayisə edəndə, xərclər hissəsində nəzərdə tutulan artım göz qabağındadır: "Növbəti ilin büdcəsində artım böyükdür. Belə ki, növbəti ilin büdcəsində onları maraqlandıran əsas məsələ sosial sahələrə nə qədər vəsaitin ayrılması məsələsidir. Bizi daha çox bu məsələ maraqlandırır, eyni zamanda, bizi o da maraqlandırır ki, investisiya layihələrinə nə qədər vəsait ayrılıb. Yəni nə qədər vəsait ayrılıb və bunun da nəticəsində daha çox hansı sahələr inkişaf etdiriləcək? Bizi narahat edən məsələlərdən biri də ipoteka kreditləri ilə əlaqədardır. Çünki bu barədə bizə- millət vəkillərinə vətəndaşlardan, seçicilərdən saysız-hesabsız çoxlu müraciətlər olur. İnsanlar bundan yararlana bilmirlər, onlar da, nəhayət, bu ipotekadan faydalanmaq istəyirlər". V.Əhmədov onu da qeyd edib ki, 2012-ci ilin büdcəsində ipoteka kreditlərinin verilməsi üçün cəmi 26 milyon vəsait ayrılmışdısa, gələn ilin büdcəsində bunun üçün 50 milyon manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur. "Burada digər məsələlər də var - məsələn, gələn il pensiyaların, o cümlədən, təhsil və səhiyyə işçilərinin əmək haqlarının artırılması nəzərdə tutulur ki, bununla əlaqədar olaraq da, gələn ilin büdcəsində vəsaitin ayrılması öz əksini tapıb. Ümumiyyətlə, gələn ilin büdcəsində sosial sahələrə daha çox vəsaitin ayrılması nəzərdə tutulur və bu istiqamətə daha çox üstünlük verilir"-deyə millət vəkili sonra sözlərinə əlavə edib.
RƏFİQƏ