"İctimaiyyətsiz "İctimai Palata"nın 20 oktyabr aksiyası bu qurumun, belə demək mümkünsə, öz qarşısına qoyduğu məqsədə çata bilmədi". Bu fikri YAP Siaysi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qəzetimizə verdiyi açıqlamasında bildirib: "Birincisi, onların irəli sürdükləri şüarlar, tələblər ictimai dəstək qazanmadı, ikincisi, "İctimai Palata"nın digər aksiyaları kimi, bu aksiyası da özünün kütləviliyinə nail ola bilmədi və əks-sədasını vermədi, üçüncüsü, həmin qurumdakılar Azərbaycan Konstitusiyasına və qanunlarına növbəti dəfə hörmətsizliklərini nümayiş etdirmiş oldular. Millət vəkili bildirib ki, son aksiya nəticə etibarilə bir daha göstərdi ki, "İctimai Palata" siyasi proseslərdə heç bir ciddi rol oynamır. Ümumiyyətlə, ekstremizmə, radikallığa, "trotskiçi"ləyə meyillilik "İctimai Palata"nın ciddi bir siyasi qüvvə formatında özünü götərməsinə imkan vermir. Eyni zamanda, son aksiyada təcrübəsiz, siyasi cəhətdən səriştəsiz gənclərdən istifadə olunması, yəni, onlardan sadəcə, öz şəxsi ambisiyalarının həyata keçirilməsi naminə istifadə edilməsi "İctimai Palata"nın "fəaliyyətini" bir daha ortaya qoydu. Bir sözlə, buradan iki qənaətə gəlmək olur - birincisi, cəmiyyət bu gün özünün gündəlik qayğıları ilə məşğuldur, ikincisi , Azərbaycan dövləti kifayət qədər güclüdür və möhkəm əllərdədir".
Millət vəkili onu da bildirib ki, bu gün cəmiyyətdə konstruktiv qüvvələr daha çox rəğbətlə qarşılanır, radikallıq, ekstremizm isə cəmiyyət tərəfindən birmənalı olaraq dəstəklənmir, qəbul olunmur.
A.Səmədova