PDF Oxu

Sosial

  • 26

Qurban bayramı - böyük Yaradana sonsuz sevgi və inam

Qurban bayramı - böyük Yaradana sonsuz sevgi və inam

Lüğətdə, "yaxınlaşmaq" mənasına gələn Qurban, dində ibadət məqsədilə müəyyən bir vaxtda, müəyyən şərtləri daşıyan heyvanı üsuluna uyğun kəsmək" deməkdir. Ərəb dilində bu formada kəsilən heyvana "uhdiyyə" deyilir. Allaha yaxınlaşmaq təkcə kəsilən qurbanlarla deyil, eyni zamanda, Rəbbinlə səmimi olmaq sayəsində mümkündür. Şübhəsiz ki, aləmləri Yaradanın edilən ibadətlərə, kəsilən qurbanlara ehtiyacı yoxdur.

"Rəbbin üçün namaz qıl, qurban kəs"

Həcc surəsinin 37-ci ayəsində buyurulub: "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. Ehsan (yaxşı əməl) edənlərə müjdə ver!"

Qurani-Kərimdə Peyğəmbərimiz Məhəmmədə (s.ə.s.): "Rəbbin üçün namaz qıl, qurban kəs" ("Kəvsər" surəsi, 108/2) buyurulması Allah Rəsuluna fərz, ümmətinə isə sünnətdir (Peyğəmbər əfəndimizin etdiyi və müsəlmanların da etməsini istədiyi dini vəzifələrdir). Bundan başqa, Allah Rəsulunun (s.ə.s.) əksər sözlərində imkanı olanların qurban kəsməsi əmr edilib.

Məsələn, "Kim imkanı olduğu halda qurban kəsməsə, məscidimizə yaxınlaşmasın. Ey insanlar! Hər il hər evə qurban kəsmək vacibdir" kimi ifadələri ilə qurbanın əhəmiyyətli ibadət olduğunu xəbər verib və yerinə yetirilməsini əmr edib".

Peyğəmbərimiz (s) özü də hicri təqvimin ikinci ilində (624) gələn bu əmrdən sonra hər il qurban kəsib. Bu ayə və hədisləri dəlil qəbul edən islam hüquqçuları imkanlı şəxslərin Qurban bayramında qurban kəsmələrinin vacib olduğuna hökm veriblər.

Xeyirli işlərlə yarışmaq üçün fürsət

Qurban bayramı sadəcə qurban kəsmək deyil, eyni zamanda, xeyirli işlərlə yarışmaq üçün bir fürsətdir. Qafqaz Müsəlmanları İdarəsinin Qurban bayramı ilə bağlı verdiyi fətvada deyilir ki, Qurban bayramı (Eydul-Ədha) bu il 25-26 oktyabra təsadüf edir. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Qurban kəsən şəxsin o qurbanın ətindən özünün yeməsi, qohumlarına və kasıblara sədəqə verməsi sünnətdir. Allah Rəsulu belə buyurur: "Yeyin, yedirdin və saxlayın". Bu hədisə əsaslanan alimlər belə deyiblər". "Qurban ətinin üçdə birini yemək, üçdə birini sədəqə vermək, üçdə birini də saxlamaq ən gözəlidir". Burada saxlamaqdan məqsəd yəni bu ətdən sonra da istifadə üçün saxlamaqdır".

Qurban ətindən kimlərə verəcəksiniz?

Əvvəlcə yaxınlarınızdan qohumlarınızdan imkanı olmayanları axtarın. Çünki onların üzərinizdə qohumluq haqları vardır. Sonra qonşularınıza baxın. Qonşularınızda imkansız, ehtiyacı olan varsa onlara qurban ətindən verin. Bu, daha fəzilətlidir. Ancaq eyni zamanda, bu ətdən istədiyiniz yerdə yaşayan insanlara da sədəqə edə bilərsiniz.

Kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır. Beş-altı adamın cəmləşib bir heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər bir-birinə halallıq versinlər. Onlara yetişən pay üç hissə olsa yaxşıdır: bir hissə özünün, bir hissə fəqir və kasıb ailələrin, bir hissəsi də hədiyyə kimi qonşu və qohum-əqrəbaya paylanır.

İsmayıl qurbanını kəsərkən qoyundursa, qıçının birini azad saxlamalı, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır.

Qurbanlıq heyvanları daha ucuz haradan almaq olar?

Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcəklər.

İqtisadi İnkişaf Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:

Sabunçu rayonu

- Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryolu stansiyasının yanı;

- Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Xətai rayonu

- Nobel prospekti, "Nargilə" kafesinin yanı;

- Gəncə prospekti, "Fərid" şadlıq evinin qarşısı;

Suraxanı rayonu

- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;

- Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, "Bakı Toxuculuq" ASC-nin yanı;

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı;

- Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı;

- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı.

Qurban bayramınız mübarək və bütün ibadətləriniz qəbul olsun.

CABİR

Digər xəbərlər