Bir neçə gündən sonra qış mövsümünə qədəm qoyuruq. Havaların dəyişkən olması hər kəsi narahat edir. Yəni Bakıya qəfil güclü qar da yağa bilər, şaxtalar da ola bilər. Bunun üçün də ölkə əhalisi kommunal xidmətlərlə bağlı olaraq qışa hazır olmalıdır. Bütün texnika hazır vəziyyətə gətirməlidir, energetika sistemini yaxşılaşdırmalıdır. Bir sözlə, soyuq hava şəraitində əhalinin tələbatını ödəyəcək qaz, işıq, istilik təchizatının normada olması, eyni zamanda, yollarda nəqliyyatın hərəkəti üçün problemlərin yaranmaması vacib şərtdir. Bəs onda, görəsən, Bakıda qışa hazırlıq işləri hansı səviyyədədir? Görəsən, şəhərimiz qışa hazırdırmı? Belə ki, soyuq havalarda işığa, qaza olan tələbat artır, binaların isitmə sistemlərinin problemləri yenidən gündəmə gətirilməkdədir.
Bakıda təchizatının yaxşılaşdırılması məqsədilə yeni qaz xətləri çəkilib. Bir sıra küçələrdə qaztənzimləyici şkaflar və siyirtmələr quraşdırılıb, əhaliyə yeni şəbəkə və avadanlıq vasitəsilə qaz verilib. Yasamal rayonunda M.Seyidov küçəsində - Bakı Dövlət Universitetinin yataqxanalarının həyətində, N.Nərimanov küçəsi və B.Səfərov küçələrinin kəsişməsində, 592-ci məhəllədə və 2-ci Alatava qəsəbəsində Dairəvi yolun kənarındakı qaztənzimləyici şkaflar yeniləri ilə əvəz edilib. Orta təzyiqli qaz xəttinin üzərində olan istismara yararsız siyirtmələr yenisi ilə əvəz edilib. Payız-qış mövsümünə hazırlıq işləri Binəqədi rayonunda da başa çatıb. O cümlədən, yeraltı qaz anbarlarına 2 milyon tondan çox təbii qaz ehtiyatı vurulub. Araşdırmalarımız nəticəsində, bəlli oldu ki, Bakıətrafı kəndlərdə, qaz xətti olmayan kəndlər qazlaşdırılıb, yeni xətlər çəkilib. Artıq iki gündür ki, havaların soyuması ilə əlaqədar qazın nəqli iki dəfə artırılıb: "Hazırda Bakı şəhərinə təxminən 6,5 milyon kubmetr qaz nəql olunub, regionlara gün ərzində 4,3 milyon kubmetr qaz verilir. Ölkəmizdə kifayət qədər qaz ehtiyatımız var, xətlərimiz istismara yararlıdır, ona görə də qışda hər hansı problemin yaranması gözlənilmir. Suraxanı rayonunda da payız-qış mövsümünə hazırlıq işləri sürətlə davam etdirilir. Rayonun Zığ kəndində yeni salınmış yaşayış sahələrinə qaz verilib. Qaraçuxur qəsəbəsinin bir sıra küçələrinin qazlaşdırılması istiqamətində görülən işlər tamamlanıb. Payız mövsümündə əhalini, eləcə də, istehlakçıları fasiləsiz və keyfiyyətli qazla təmin etmək üçün bütün qaz xətləri yoxlanılıb, köhnələr yenisi ilə əvəz olunub. Magistral qaz xətləri isə polietilenlərlə əvəz olunub. Bir sözlə, "Azəriqaz"" İstehsalat Birliyi payız- qış mövsümünə tam hazırdır". Qış mövsümü ilə əlaqədar paylayıcı şəbəkə olan "Bakıelektrikşəbəkə" elektrik təchizatında problemlərin olmayacağını vəd edir. "Bakıelektrikşəbəkə"" ASC üzrə təsdiq olunmuş tədbirlər planına əsasən, şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Belə ki, qış fəslində soyuq hava şəraiti ilə əlaqədar olaraq əhalinin işığa tələbatı xeyli artır. Bayram günləri olmasına baxmayaraq, "Bakıelekrikşəbəkə" öhdəsinə düşən işi layiqincə yerinə yetirir. Bir sözlə, şəbəkə hər zaman gücləndirilmiş iş rejimində çalışır. Havalar dəyişən kimi, insanlar narahat olurlar. Ancaq bu il kommunal xidmətlərlə bağlı narahatçılığa əsas yoxdur. Son 5 ildə aparılan yenidənqurma və əsaslı təmir işləri problemlərin yaranmasına imkan vermir. Bir sözlə, hər bir ailə 24 saat fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq. Hal- hazırda bu yöndə işlər davam etdirilir. Bir sözlə, "Bakıelektrikşəbəkə" payız-qış mövsümünə hazırdır". Hava nə qədər küləkli və ya qarlı olsa da, abonentlər işıqdan rahatlıqla istifadə edəcəklər .
Ruqiyyə Cəfərova