Kasıbların, yetimlərin qayğısına qalmaq Allahın ən xoş gördüyü davranışlardandır
Bugünkü dünyada millət, xalq, müsəlman olaraq bölüşdüyümüz sevincli, özünəməxsus günlər var. Bunlar dini bayramlarımızdır. Peyğəmbər Əfəndimiz (s.ə.s.) Mədinəyə hicrət (köç) etdikdən sonra bu iki bayramla islam aləmi müjdələnmişdir. Müsəlmanların iki dini bayramı - Ramazan və Qurban bayramı var. Bayramlar sərhədləri, etnik sevincləri aşaraq dünya müsəlmanlarının ortaq sevinc günlərinə çevrilib. Hər kəs sevincini bölüşür, bir-birlərinin ziyarətinə gedir və təbrik edirlər. Bunlar bizim ortaq dəyərlərimizdir.
Ölümlünü ölümsüzə qurban etmək
Qurban sözünün ərəbcədə mənası yaxınlaşmaqdır. İnsanın Allaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirdiyi bir ibadətdir. Qurban insanın Allah üçün hər şeyindən, ən əhəmiyyətlisi də nəfsinin eqoist istək və ehtiraslarından təmizlənməkdir. Və ən yaxınını belə fəda edə biləcək qədər ürəyi Allah eşqi ilə dolu olan Hz. İbrahimin mübarək xatirəsidir.
Qurban nəfsini Allah üçün qurban edərək təmizlənməkdir. Ölümlünü ölümsüzə qurban etməkdir qurban...
Qurban bayramı Hz. İbrahimin oğulu Hz. İsmayılı yuxusuna görə qurban etmək istəməsi və Hz. İsmayılın buna boyun əyməsi, sonunda Allaha göstərdikləri qərarlı itaətin qarşılığı olaraq heyvan qurban edilməsinin xatirəsidir. İnanan insanlar qurban kəsərək, bu iki peyğəmbərin müvəffəqiyyətlə verdikləri imtahanın xoşbəxtliyini yaşayarlar.
Maddi və mənəvi əhəmiyyətindən başqa...
Qurban bütün savablar, ibadətlər kimi qanuni, halal yollarla yerinə yetirilməlidir. Haram yollarla nə bir ibadət, nə də qurban qəbul edilir. Halal qazancla əldə edilən, sənə aid olan bir malın Allah yolunda verilməsinə qurban deyilir.
Qurbanın sadəcə maddi deyil, mənəvi əhəmiyyətindən biri də insanın xeyirxah işlərdə əldə etdiyi mənəvi həzzi, hüzurudur. Necə ki, bədənin rahatlığı maddi ehtiyaclardan, sağlıqdan asılı isə, ruhun rahatlığı da xeyirxahlığa, savab işlərə bağlıdır. İnsan hər ikisini əldə etdiyi zaman zövq alır. Yoxsa heyvandan fərqi olmaz.
Qurban etmənin əhəmiyyəti sadəcə xeyirxah düşüncələr və əməllərlə bitməz, batil (səhv, xətalı) düşüncə və əməllərin də qarşısını alır. Belə ki, tarix boyu insanların heyvanlara qarşı hissi davranışları, onların qeyri-adi olmasına, ibadət edilməsinə gətirib çıxarmışdır. Bilavasitə qurban etmə, bu heyvanların qeyri-adi, ibadət ediləcək varlıqlar olmadığını, Allahın onlardan faydalanmağımız üçün xidmətimizə verdiyi simvolik ritualıdır. Bu ritual heyvanların insanlar üzərindəki qeyri-adi təsirini qırmaq və onların da digər varlıqlar kimi aciz olduğunu və həqiqi mahiyyətinin nədən ibarət olduğunu göstərməkdir. Bu barədə Allah Quranda belə buyurur: "Sizi doğru yola nail etdikdən sonra Allahı uca tutasınız deyə, bu heyvanları sizin istifadənizə verdi. Yaxşı davrananları müjdələ." (əl-Hacc 22/37)
İnanc və ibadətlərimizdə Allahdan başqasını ortaya qoymaq şirkə aparır. Təəssüf ki, keçmişdən günümüzə qədər insanlar inanc və ibadətlərinin çoxunda Allaha şərik qoşduqları kimi, qurbanda da şərik qoşmuşlar. Pirlərə, cinlərə, ziyarətlərə, bütlərə və s. inandıqlarına qurbanlar kəsmişlər. Peyğəmbərimiz (s.a.v.) belə insanlara bəddua etmişdir: "Allahdan başqası adına heyvan kəsənə Allah lənət etsin".
İnananlar nəinki heyvanını, hətta hər şeyini Allah üçün qurban etməyi gözə alırlar. İnanmayanlar isə hər şeyin və hər kəsin özünə qurban olmasını istəyirlər.
Bunlara diqqət edin
İldə bir dəfə olan Qurban bayramında seçilən qurbanlıqlar xüsusi diqqətlə seçilməlidir. Əslində, seçilən qurbanlar da, o qurbanları alıb Allah yolunda paylayanlar da çox xoşbəxtdirlər. Bir çoxları şəriət cəhətdən qurbanlıq heyvanın hansı xüsusiyyətləri olduğunu öyrənsə də, qurban alarkən tibbi baxımdan nələrə diqqət etməli olduğunu bilməlidirlər.
Həkimlər heyvanların ilk olaraq nə dərəcədə sağlam olub-olmamasına baxmağı məsləhət görürlər. Qurbanlıqlar çox arıq olmamalı, aktiv olmalıdır. Əsasən, xəstə heyvanlar çox sakit olub, hərəkətə meyil etmirlər. Bu şəkildə ona nəzər yetirib xəstə olub-olmamasını bilmək olar. Hamilə, ya da yeni bala dünyaya gətirmiş olmamalıdır. Bəzən bayramdan neçə gün qabaqdan alınan qurbanlar gətirilib düzgün baxılmır, onsuz da iki-üç günə kəsiləcək deyib, nə gəldi heyvana verilir. Həmin heyvanlar otlaq bir ərazidə saxlanmalıdır, ancaq mütəxəssislərin fikrincə, son 12 saat içində onlara yem verilməməsi, yalnız su içmələri məsləhətlidir. Heyvanların kəsildiyi məkanlara da diqqət edilməlidir, çünki təmiz olmayan şəraitdə kəsilən heyvan sağlamlığa zərər minlərlə mikrobu öz canına çəkir.
Son olaraq isə heyvan kəsildikdən sonra daxili orqanları ilə ətin eyni yerə qoyulmamasını məsləhət görən mütəxəssislər, qurbanlıqların gözlərinə, dişlərinə, buynuzlarına da diqqət etməli olduğumuzu qeyd ediblər.
Ehtiyacı olanlara yardım edək
Qurban Allahın məmnuniyyətini almaq məqsəd ilə kəsilər. Səhər bayram namazı ilə başlayan Rəbbə yaxınlaşma qurbanla daha artar. Qurban Allah uğrunda fədakarlıqda olmağın ən gözəl nümunəsidir, inanan insanın Allaha təslim olmağının bir göstəricisidir.
Qurbanla müsəlmanlar Allaha qarşı qulluq vəzifələrini, həmçinin, kəsdikləri qurbanın ətlərini paylayaraq insanlara qarşı olan məsuliyyətlərini yerinə yetirmiş olurlar. Bununla insanlar arasında sevgi və mehribanlıq bağları artır. Bu məqsədlə insanlar Allahın məmnuniyyətini qazana bilmək üçün, güclərinin və imkanlarının əlverişli olduğu qədər qurban alıb, Allah üçün kəsərlər. Qurban kəsmək eyni zamanda, Uca Allahın verdiyi nemətlərə şükür etməkdir.
Qohumluq əlaqələrini yenidən gözdən keçirmək, onların ziyarətinə getmək, yardıma ehtiyacı olanlara kömək etmək lazımdır. Maddi və ya mənəvi mənada da ola bilər. İnsanların, eyni zamanda, sevgiyə və hörmətə də ehtiyacı var. Əlaqələri qoparmamaq, hal-əhval tutmaq, salamlaşmaq - xeyirxah əməllərin bu cür davam etdiyi və dinimizin çox önəm verdiyi bir bayramdır. Kasıbların, yetimlərin qayğısına qalmaq, acları doyuzdurmaq İslamın ana qayələrindən və Allahın ən xoş gördüyü davranışlardandır. Qurani-Kərimin də bəzi ayələrində də bunların yerinə yetirilməsinin vacibliyi vurğulanar. Bayramlar isə buna vəsilə olur. Xüsusilə sevdiklərimizdən başlamaqla, yaxınlarımızı ziyarət edək. Başqa vaxtlarda görüşə bilməsək belə, bayramda görüşməyə çalışaq.
Qurban bayramı xalqımız, vətənimiz, dövlətimiz və bütün İslam aləmi üçün xeyirli və mübarək olsun.
Cabir