Elşad Mirbəşiroğlu: "Ermənistan tərəfi Xankəndi aeroportunun açılışını israr etməsi beynəlxalq hüquq normalarına qarşı çıxmaq deməkdir"
Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur
- Elşad müəllim, beynəlxalq təşkilatların etirazlarına və Beynəlxalq Mülki Aviasiya Təşkilatının sərt mövqeyinə baxmayaraq, S.Sarkisyan rejimi Xankəndi aeroportunun açılışını israr edir. Bu, onu deməyə əsas verirmi ki, Ermənistan beynəlxalq qurumlara qarşıdır?
- Ermənistan Xankəndi aeroportunun tikinti işlərini aparan zaman beynəlxalq təşkilatlar buna heç bir reaksiya vermirdi. Amma Xankəndi aeroportu tikilib hazır olanda, yəni bu aeroportun işə düşməsi məsələsi gündəmə gələn zaman beynəlxalq təşkilatlar öz reaksiyasını verdi. Amma beynəlxalq təşkilatların bu reaksiyası kecikmiş bir addım idi. Təbii ki, Ermənistan tərəfinin Xankəndi aeroportunun açılışını israr etməsi, beynəlxalq qurumlara qarşı çıxmaq deməkdir. Bir sözlə, işğalçı ölkə bu cür hərəkətləri ilə beynəlxalq hüquq normalarını pozur. Yəni, işğalçı Ermənistan, Xankəndi aeroportunun açılışını israr etməsi ilə bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı bir addım atmaq niyyətində deyil. Ona görə də, Ermənistanı etdikləri çirkin əməllərinə görə, vaxtında yerində otuzdurmaq lazım idi. Təbii ki, özbaşına olan Ermənistan bu cür anormal hərəkətlərə əl atmaqda davam edəcəkdir.
- Beynəlxalq Mülki Aviasiya Təşkilatının Xankəndi aeroportunun açılmasına etiraz etməsinə və sərt mövqe ortaya qoymasına baxmayaraq, Xankəndi aeroportunun açılmasının israr edilməsi nəticə etibarı ilə Azərbaycanın hava məkanında qeyri-qanuni uçuşlar həyata keçirilərsə, Azərbaycan tərəfi bu uçuşlara fiziki formada sərt tədbirlər həyata keçirə bilərmi?
- Əlbəttə ki, Ermənistan Azərbaycanın hava məkanında qeyri-qanuni uçuşlar həyata keçirərsə, Azərbaycan bu uçuşlara fiziki formada sərt tədbirlər həyata keçirə bilər. Çünki Azərbaycanın buna tam hüququ var. Bir sözlə, Azərbaycan Ermənistanın qeyri-qanuni uçuşlarına qarşı sərt addımlar atmaq üçün hüquqi əsaslara malikdir.
- Xankəndi aeroportunun açılmasına cəhdlə bağlı Qarabağın azərbaycanlı icması bəyanat yayıb. Dünya birliyinin bu bəyanata reaksiyası nədən ibarət olub və bundan sonra atılacaq addımlar necə olacaq?
- Xankəndi aeroportunun açılmasına cəhdlə bağlı Qarabağın azərbaycanlı icmasının bəyanat yayması doğru bir addımdır. Çünki həmin ərazilər Azərbaycana məxsusdur. Dünya birliyinin Xankəndi aeroportunun açılmasına qarşı bəyanat yayması görüntü xarakteri daşıyır.
GÜLYANƏ