Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Litva azərbaycanlıları cəmiyyəti, Litva Respublikası Seyminin maarif, təhsil və mədəniyyət komitəsi, Litva Milli Elmlər Akademiyası və Litva milli icmalar evinin təşkilatçılığı ilə Litva Respublikası Seyminin Konstitusiya zalında "Vilnüs - Bakı: mədəniyyət körpüləri" adlı beynəlxalq elmi konfrans keçirilib. Litva Respublikası Seyminin televiziyası ilə canlı yayımlanan və 125 nəfərin iştirakı ilə keçirilən konfransda Litvanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Litva Respublikası prezidentinin Maarif, Təhsil və Mədəniyyət məsələləri üzrə baş müşaviri Virginiya Budiene, eləcə də digər xarici dövlətlərin Litvada akkreditasiya olunmuş diplomatik korpusunun təmsilçiləri, azərbaycanlı tələbələr, mədəniyyət, incəsənət və maarif xadimləri, tanınmış yazıçılar, tarixçilər, pedaqoqlar və politoloqlar, qeyri-hökümət təşkilatlarının rəhbərləri, iş adamları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Litva Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Məmmədzadənin, Litva Respublikası Seyminin sədri İrena Degutiene və Litva Respublikasının Mədəniyyət naziri Arunas Gelunasın konfransa ünvanladıqları təbrik məktubları oxunmuşdur.
Açılış mərasimindən sonra tədbiri Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev öz çıxışı ilə davam etdirmiş və Azərbaycanın böyük və səmimi dostu, məşhur Litva klassik yazıçısı və dramaturq Vintsas Krevenin anadan olmasının 130 illik yubileyinə həsr edilmiş "Vilnüs - Bakı: mədəniyyət körpüləri" adlı beynəlxalq elmi konfransın əhəmiyyətindən danışmışdır.
Konfrans proqramı çərçivəsində Seymdə "V.Kreve-Mitskeviçyusun Azərbaycandakı həyat və fəaliyyəti barədə" sənəd və nəşrlərdən ibarət ekspozisiyanın, eləcə də "Litva - Azərbaycan ədəbiyyat körpüləri" adlı kitab sərgisinin təqdimatı olmuşdur. Azərbaycan ədəbiyyatından Litva dilinə və Litva ədəbiyyatından Azərbaycan dilinə tərcümə olunmuş və müxtəlif illərdə Vilnüsdə və Bakıda çap edilmiş kitablar xüsusi stendlərdə sərgilənmişdir.
ZÜMRÜD