Yadigar Cəfərov: "Bu günə qədər 1 032 909 əmanətçiyə, ümumilikdə, 419 572 562 manatlıq vəsait ödənilib"
Əmanətlərin qaytarılıb-qaytarılmayacağı mövzusu uzun illərdir cəmiyyətin əsas suallarından bir idi. Bunu nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyev 2012-ci il 14 mart tarixli Fərmanı ilə sovet dövründən qalma əmanətlərin qaytarılması haqqında Fərman təsdiq etmişdi. "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində bu qaydaların qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin verilməsi prinsiplərini, hallarını və şərtlərini müəyyən edilmişdi.
Artıq bir sıra vətəndaşlarımız bu hüquqlarından istifadə etmiş, müəyyən olunan dəyərində əmanətlərini geri almışlar. Bu Fərman imzalanmamışdan qabaq bəzi ekspertlər bildirirdilər ki, həmin əmanətlərin birdən qaytarılması iqtisadiyyata neqativ təsir göstərəcək. Lakin Milli Məclisdə "Əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında" qanun layihəsi hazırlandıqdan sonra bu fikirlərə son qoyuldu. Belə ki, həm SSRİ qanunlarında, həm də Azərbaycan qanunlarında Əmanət Bankının öhdəliklərinə görə dövlətimizin məsuliyyəti nəzərdə tutulmamışdır. Hazırkı ödəmələr Azərbaycan dövlətinin maliyyə imkanlarının artması ilə əlaqədar, inflyasiyaya məruz qalmış əmanətlərə görə əhaliyə dövlət tərəfindən verilən əlavə yardımdır. Əmanətçilərin Kapital Bankdakı şəxsi əmanət hesablarında olan qalıq məbləğlərin götürülməsinə hər hansı məhdudiyyət olmayıb, bundan sonra da olmayacaq. Qeyd edək ki, Sovet banklarında 1,9 milyona yaxın vətəndaşın əmanəti var. Belə ki, 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib. Hesablamalara görə əmanətlərin qaytarılmasında 1 mlrd. manata yaxın vəsait lazım olacaq.Ərizələrin qəbulunun və vəsaitlərin verilməsinin təşkili üçün "Kapital Bank"ın 65-i Bakıda, qalanları isə regionlarda olmaqla 143 məntəqəsi yaradılıb və əlavə 350 nəfər cəlb edilib. Bu sözləri bizimlə söhbətində Kapital Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərov söylədi. O bildirdi ki, Prezidentin verdiyi Fərmana görə keçmiş SSRİ əmanət Bankının, Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşlarının əmanətlərinin fərdi vəsaitlərin verilməsi üçün müraciətlərin qəbulu 31 dekabr 2012- ci il tarixində bitir. Fərdi birdəfəlik ödəmələrin ödənilməsi prosesi isə 1 ildə artırılaraq 31 dekabr 2013-cü ildə başa çatacaqdır. 1 iyun 2012-ci il tarixindən 1 noyabr 2012-ci il tarixinə qədər fərdi birdəfəlik ödəmələrlə bağlı Kapital Bankın xidmət məntəqələrinə 1 151 037 müraciət daxil olub, 1 032 909 əmanətçiyə, ümumilikdə, 419 572 562 manatlıq vəsait ödənilib. Bakıda məskunlaşmış məcburi köçkünlərin, əmanətini vaxtilə Naxçıvan Muxtar Respublikasındakı kassalarda yerləşdirmiş əmanətçilərin gediş-gəliş problemini nəzərə alaraq Bakı şəhərində, Xaqani küçəsi, 51 ünvanında yeni yaradılmış 144 saylı məntəqəyə də 1 noyabr 2012-ci il tarixinə qədər 2 min müraciət daxil olub. İtmiş, yaxud yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə müraciətlərin qəbulu məqsədilə Bakı şəhərində yaradılmış 3 əlavə məntəqədən birinə Sabunçu rayonundakı məntəqəyə müraciətlərin sayı azaldığından, bu məntəqənin fəaliyyəti dayandırılıb. Həmin məntəqəyə aid müraciətlər indi Kapital Bankın Sabunçu və Suraxanı rayon filiallarında qəbul olunur.
Ruqiyyə Cəfərova