Elçin Mirzəbəyli: "Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostu missiyasını yerinə yetirir"
Ermənistan işğal olunan Azərbaycan ərazilərində yenidən genişmiqyaslı hərbi təlimlər keçirir. Hərbi təlimlərdə Rusiyanın Gümrüdəki hərbi bazasının texnikasının və əsgəri heyətinin də müəyyən mənada iştirak etdiyi bildirilir. Bu, bir daha Rusiyanın Ermənistanla hərbi əməkdaşlığının geniş xarakter daşıdığı və bunun bilərəkdən Azərbaycan əleyhinə yönəldilməsi kimi dəyərləndirilir.
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan ərazilərinin işğal edildiyi ilk illərdən Rusiya tərəfi işğalçı ölkə olan Ermənistana hərtərəfli dəstək verib. Rusiyanın hərbi birləşmələri Azərbaycan ərazilərinin işğal olunması prosesində iştirak edib. Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostu missiyasını yerinə yetirir. Bu hərbi əməkdaşlığı təsdiq edən faktlardan biri də Rusiyanın hərbi bazasının işğalçı ölkədə yerləşdirməsi və mütəmadi olaraq bura yeni hərbi texnikanın gətirilməsidir. Demək olar ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlı tərəf deyil. Bu gün işğalçı Ermənistan törətdiyi əməllərinə görə cəzalandırılmaq əvəzinə, əksinə, dəstəklənir. Bu da Ermənistanın öz istədiyi kimi hərəkət etməsinə səbəb olur. Ümumiyyətlə, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirməsi beynəlxalq hüquq normalarına ziddir.
"Ermənistanın Qarabağdakı separatizmin zərərsizləşdirməsi yönündə beynəlxalq birliyin ikili mövqe tutmasını Rusiya amili ilə əlaqələndirmək olarmı?" sualına cavab olaraq politoloq vurğulayıb ki, işğalçı Ermənistanın Qarabağdakı separatizmin zərərsizləşdirməsi yönündə beynəlxalq birliyin ikili mövqe tutmasının arxasında həm Rusiya faktoru, həm də BMT Təhlükəsizlik Şurasının üzvü olan digər dövlətlərin, ABŞ və Fransa faktoru dayana bilər. Çünki ABŞ və Fransada erməni diasporu kifayət qədər güclüdür. Demək olar ki, həm ABŞ, həm də Fransa siyasətçiləri bəzi hallarda beynəlxalq hüquq normalarını bir kənara qoyub ermənilərin maraqlarını ifadə etmək istəyirlər. Bir çox hallarda sözügedən dövlətlərin seçki kampaniyaları erməni diasporu tərəfindən maliyyələşdirilir və idarə olunur. Bir sözlə, bu faktor da müəyyən qədər rol oynayır. Fransa və ABŞ dövlətləri beynəlxalq hüquq normalarından çıxış edərək, işğalçı Ermənistana qarşı hər hansı təzyiq göstərmirlər. Bir sözlə, Rusiya işğalçı Ermənistanı dəstəkləyən tərəfdir.
GÜLYANƏ