Səbail rayon Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə tanınmış alim Zemfira Verdiyevanın anım mərasimi keçirilib. İlk öncə Z.Verdiyevanın məzarı ziyarət edilərək, üzərinə gül dəstələri qoyulub. Tədbirdə çıxış edən cəmiyyətin sədri Almara Hümbətova qeyd etdi ki, xanım Zemfira Verdiyeva öz müdrikliyi, özünəməxsus sağlam əqidəsi, bilik və bacarığı, liderliyi ilə minlərlə insanı ətrafında birləşdirib, onlara xeyirxahlıq və xeyriyyəçilik təlqin etmişdir: "Xalqımızın fəxri xanımı, AMEA-nın müxbir üzvü olmuş Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Z.Verdiyeva dünyanın 64 ölkəsinin Qadın Cəmiyyətləri ilə işgüzar əlaqələr yaradıb, 1996-cı ildə İngiltərənin kraliçası Yelizavetanın himayədarlıq etdiyi cəmiyyətin fəxri üzvü, 1998-1999-cu illərdə İngiltərənin Kembric Universitetində ilin qadını, 2000-ci ildə isə Əsrin Qadını adına layiq görülmüşdür".
Tədbirdə o da vurğulandı ki, mərhum Z.Verdiyeva 1973-cü ildən 1995-ci ilə qədər Azərbaycan Xarici Dillər Universitetinin rektoru olmuşdur. Azərbaycan dövləti üçün yüksək xidmətlərinə görə Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı, şərəf nişanı və şöhrət ordeni ilə təltif edilmişdir. Dünyada səviyyəsində xidmətlərinə görə ABŞ, İngiltərə, Kanada, Cənubi Koreya və digər başqa ölkələrdə 22 beynəlxalq mükafata layiq görülmüşdür. Tərcümeyi- halı 1998-ci ildə Nyu-Yorkda Beynəlxalq tərcümeyi-hal - "Soraq" kitabçasına daxil edilmişdir. Xarici dillər üzrə ilk qadın elmlər doktoru kimi Azərbaycan enkslopediyasına daxil edilmişdir.
Babək