PDF Oxu

Sosial

  • 27

Qeyri-neft sektoru inkişafın yeni mərhələsində

Vahid Əhmədov:"Qeyri-neft sektorunda görülən işlər dövlətin diqqət və qayğısının nəticəsidir"

Qeyri-neft sektoru inkişafın yeni mərhələsində

Neft Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət dövlətimizin inkişafı, xalqımızın sosial rifah halının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Uzaqgörən, müdrik siyasəti ilə Ulu Öndər Heydər Əliyev "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək, bir çox dünya miqyaslı şirkətlərin iştirakı ilə analoqu olmayan layihələrə imzasını atmışdır. Buna misal olaraq 1994-cü ilin sentyabrın 20-də "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə imzalanmış "Əsrin Müqaviləsi"ni göstərə bilərik. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə nail olundu. Neft-qaz sektoru ölkə iqtisadiyyatının digər sahələrinin inkşafında lokomotiv rolunu oynadı. Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq, qeyri-neft sektoru da son illər davamlı olaraq yüksələn xətt üzrə inkişaf etməkdədir. 2013-cü ildə qeyri- neft sektorunda 11,7 faiz, növbəti 3 ildə 7 faiz artım gözlənilir.

Nəticədə, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi 47,6 faizdən 70 faizə qədər artacaq. Bu da onun göstəricisidir ki, ölkənin neftdən asılılığı azalaraq qeyri-neft sektoru inkişaf etməkdədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icrası nəticəsində qeyri-neft sektorunda canlanma müşahidə olunmaqdadır. Eyni zamanda, sahibkarlığın inkişafı əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Həyata keçirilən sosial siyasətin mühüm elementlərindən biri də yoxsulluğun azaldılmasına xidmət edən dövlət proqramlarıdır. Bu məqsədlə də "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"qəbul edilmişdir. Hazırda işsizliyin səviyyəsi təqribən 5,5 faiz təşkil edir. Prezident İlham Əliyev qeyd etmişdir ki, "Siyasətimiz sosialyönümlüdür, aztəminatlı təbəqənin həyat səviyyəsinin yüksəldilməsi baxımından çox ciddi addımlar atılır. Hazırda 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır. Bu çox böyük göstəricidir, çox böyük nailiyyətdir və yaşlı nəslin maddi cəhətdən daha da yaxşı təminatı üçün vaxtında atılmış çox düzgün və ədalətli addımdır". Azərbaycan Prezidenti İlham Əliyev hələ ilk dəfə öz iqtisadi proqramını açıqlayanda bildirmişdir ki, əsas məqsəd neft amilindən istifadə edərək, Azərbaycan iqtisadiyyatının bütün sahələrini inkişaf etdirməkdir. Göründüyü kimi, artıq bu məqsədlər reallaşıb. Xüsusilə, qeyri-neft sektorunun inkişafı yönündə atılan addımlar bu reallığı təmin edib.

"Səs" qəzetinə açıqlama verən millət vəkili Vahid Əhmədov bildirdi ki, iqtisadiyyata qoyulan investisyanın 80 faizi yerli sahibkarların payına düşür. Sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması məqsədi ilə sahibkarlığa kömək milli fondu mütəmadi olaraq bölgələrdə sahibkarlara maliyyə dəstəyi verir: "Qeyri-neft sektorunda görülən işləri Azərbaycan hökümətinin, dövlətinin, xüsusilə də, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq qiymətləndirmək olar. Prezident İlham Əliyevin tapşırığı ilə sahibkarlarla əlaqədar bütün məsələlər müsbət şəkildə öz həllini tapmaqdadır. Qoyulan investisyanın müəyyən hissəsi regionların sosial-iqtisadi inkişafına, bölgələrdə yeni iş yerlərinin açılması, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, infrastruktur layihələrin həyata keçirilməsinə xidmət edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 2013-cü ilə qədər Azərbaycanın 95 faizə qədər ərazisi abadlaşdırılacaq. Hal-hazırda bu abadlıq-quruculuq işlərini ən ucqar rayonlarda belə görmək mümkündür".

İntizarə Məmmədova

Digər xəbərlər