PDF Oxu

Sosial

  • 33

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının III Qurultayı keçirilib

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının III Qurultayı keçirilib

Noyabrın 24-də Türkiyənin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) III Qurultayı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "SƏS" qəzetinə verilən məlumata istinadən, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra qurultayın Rəyasət Heyəti seçilmiş və TADF-in sədri Bilal Dündarın hesabat məruzəsi dinlənilib. Təşkilatın ötən müddət ərzində gördüyü işlər haqqında ətraflı məlumat verən B.Dündar həyata keçirilmiş layihələrin Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafına xidmət etdiyini bildirib. O, qeyd edib ki, təşkilatın fəaliyyətini daha da gücləndirmək üçün hüquqşünasların və peşəkar mütəxəssislərin quruma cəlb olunması planlaşdırılır.

B.Dündar TADF-nin Türkiyənin dövlət orqanları, kütləvi informasiya vasitələri, siyasi partiyaları, qeyri-hökumət təşkilatları ilə yaxşı əlaqələrə malik olduğunu, gələcəkdə bu əlaqələrin daha da dərinləşdiriləcəyini qeyd edib. O, Balıkəsr Bələdiyyə Məclisinin Xocalı faciəsini soyqırımı kimi tanıyan qərar qəbul etdiyini diqqətə çatdırıb. Hesabat məruzəsindən sonra Federasiyanın ötən dövrdəki fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Nəzarət-təftiş komissiyasının hesabatı dinlənildikdən sonra qurultay nümayəndələrinin təklifləri əsasında nizamnaməyə bəzi dəyişiklik və əlavələr edilib. İdarə heyəti üzvlərinin say tərkibi 9-dan 7-yə, nəzarət-təftiş komissiyasının tərkibi isə 7-dən 5-ə endirilib. Bu dəyişikliyin məqsədi təşkilatın daha operativ idarə edilməsinə nail olmaqdır. Daha bir təklif isə təşkilatın idarə heyətinə seçkilərdə namizədliklərin siyahı əsasında deyil, tək-tək irəli sürülməsi ilə bağlı olub. Təklif qəbul olunmuşdur. Qurultay nümayəndələri, həmçinin, Federasiyanın tərkibində ictimai xadimlərin təmsil olunduğu Məsləhət Şurasının yaradılması üçün idarə heyətinə səlahiyyət verilməsi barədə təklifin də lehinə səs veriblər. Daha sonra idarə heyəti və nəzarət-təftiş komissiyasının tərkibi seçilib.

Qurultayda TADF-nin gələcək fəaliyyəti ilə bağlı təkliflər yeni seçilən idarə heyətinin diqqətinə çatdırılıb. Qurultayda TADF-nin mətbu orqanının yaradılması, internet səhifəsinin təkmilləşdirilməsi, üzv təşkilatların fəaliyyətinin daha yaxşı əlaqələndirilməsi üçün tədbirlərin görülməsi və digər məsələlərlə bağlı qərarlar da qəbul olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi aparatının rəhbəri Nəriman Qurbanov qurultayda çıxış edərək TADF-nin keçdiyi tarixi yol haqqında danışaraq, qurumun bir sıra uğurlara imza atdığını bildirib. O, təşkilatın gələcək fəaliyyətində qloballaşan dünyanın reallıqlarını nəzərə alan strategiyanın seçilməsinə ehtiyac duyulduğunu qeyd edib. N.Qurbanov diasporun ictimai-siyasi fəallığının daha da artırılmasının, fəaliyyət göstərdiyi ölkələrin dövlət qurumları, kütləvi informasiya vasitələri, siyasi partiyaları ilə sıx əlaqələrinin qurulmasının, ziyalıların diaspor quruculuğu işinə daha fəal cəlb olunmasının zəruriliyini vurğulayıb.

Toplantının sonunda qurultay iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Abdullah Gülə müraciəti qəbul edilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası 2006-cı ildə yaradılıb. 2008-ci ildə təşkilatın I qurultayı, 2010-cu ildə II qurultayı keçirilib. Qeyd edək ki, təşkilatın tərkibində Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri təmsil olunur.

NƏZAKƏT

Digər xəbərlər