Rüstəm Məmmədov: "Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ümid bağlamaq gülüncdür"
Artıq 20 ildən çoxdur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin həlli istiqamətində vasitəçi rolunda çıxış edirlər. Amma bu günə qədər həmsədrlər münaqişənin həlli ilə bağlı müsbətə doğru heç bir addım atmayıblar. Bu da həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində ikili mövqe nümayiş etdirməsindən xəbər verir. Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı regiona səfər etdilər.
Həmsədrlərin budəfəki səfərləri də əvvəlki turist səfərlərində heç nə ilə fərqlənmədi. Əvvəlki səfərlərində olduğu kimi, bu səfər də münaqişənin həlli istiqamətində səylərin davam etdiyini, lakin real olaraq heç bir müsbət nəticəyə nail olunmadığı göründü. Məsələyə münasibət bildirən politoloq Rüstəm Məmmədov bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir nəticə gözləməyə dəyməz. Çünki Dağlıq Qarabağ məsələsi bilavasitə Qərb dünyası ilə Rusiya arasında mövcud olan ziddiyyətə bağlanır. Bir sözlə, bu gün Rusiya tərəfi Dağlıq Qarabağ məsələsində erməni mövqeyini dəstəkləyir. Baxmayaraq ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən də biri, məhz Rusiyadır. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ədalətli mövqe tutmalı idi. ABŞ-a gəlincə, demək olar ki, bu gün ABŞ Dağlıq Qarabağ məsələsində birmənalı mövqeyə malik deyil. Digər dövlətlər kimi, Fransa da ənənəvi olaraq işğalçı ölkə olan Ermənistanın müttəfiqidir. Yəni, Farnsadan da nə isə gözləmək olmaz. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həllndə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ümid bağlamaq gülüncdür. Ona görə də, Dağlıq Qarabağ problemi ilə bağlı həmsədrlərin verdiyi bəyanatlarada nə isə bir inam bağlamağa dəyməz. Bununla belə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasından ötrü ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Ermənistanın hansı mövqe tutmasından asılı olmayaraq, Azərbaycan işğal altında olan torpaqlarını azad edəcək. Çünki həmin torpaqlar Azərbaycan dövlətinə məxsusdur.
GÜLYANƏ