Rüstəm Məmmədov: "2013-cü ildə də Ermənistan ordusunda korrupsiya və hərc-mərclik səngiməyəcək"
Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan sülh prosesini həddən çox uzatdığından artıq Azərbaycan tərəfindən başqa variantların nəzərdən keçirilməsi Yerevanda Bakının səbrinin daşacağını və torpaqları hərbi yolla azad edəcəyi haqda qeyri-obyektiv fikirlər yaranıb. Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən politoloq Rüstəm Məmmədov son vaxtlar Ermənistan rəhbərliyində baş verən istefaların, ardıcıl keçirilən mitinqlərin getdikcə şiddətləndiyini vurğuladı və bildirdi ki, ölkə prezidenti Serj Sarkisyan da elə zənn edir ki, öz sərsəm bəyantları ictimaiyyətin ona olan inamını artıracaq: "Bu, ağlasığmaz bir düşüncənin nəticəsidir. Onsuz da Ermənistan prezidenti hələ bu günə kimi ağıllı bir fikir söyləməyib, öz xalqı da ondan uğurlu bir nəticə gözləmir".
Politoloq xüsusi olaraq Ermənistan ordusu ilə bağlı məsələyə daha geniş münasibət bildirdi: "Bu gün Ermənistan hansı qüvvə ilə savaşa hazır olduğunu deyir? İşğalçı ölkənin iqtisadi-maliyyə imkanları, maddi-texniki və insan resursları, ordudakı mənəvi-psixoloji durum Azərbaycanla müharibə aparmağa kifayət edirmi? Bilirsiniz, hər hansı bir müharibəni apara bilmək üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. 1 milyondan artıq ac vətəndaşı olan Ermənistanın isə, nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur. Eyni zamanda, işağalçı ölkə bu gün bütün regional və beynəlxalq enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Ən pis durum isə, Ermənistan ordusundadır. Bu, o Ermənistandır ki, xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanır. Hazırkı şəraitdə hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadi çökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər".
R.Məmmədov Ermənistanın cari dövlət büdcəsinin 3 mlrd dollara yaxın, hərbi xərclərin isə 450 mln. dollar olduğunu vurğuladı: "Ermənistanın 2011-ci il üçün dövlət büdcəsində xərclərin 15 faizini, ÜDM-in isə 3,6 faizini təşkil edir. Xüsusi olaraq, bir faktı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin gəlirləri 5 milyon manat artırılaraq 19 milyard 159 milyon manata, büdcəsinin gələn il üçün xərcləri 40 milyon manat artırılaraq 19 milyard 850 milyon manata çatdırılmışdır. Dövlət büdcəsinin kəsir isə 691 milyon manat olmuşdur. Eyni zamanda, icmal büdcənin gəlirləri artırılaraq 20 milyard 729 milyon manata, xərcləri isə 24 milyard 500 milyon manata çatdırılmışdır. Azərbaycanın dövlət büdcəsindən hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2,3 mlrd. ABŞ dollarına yaxın olub. Bu isə, o deməkdir ki, Azərbaycanın hərbi sahəyə ayrılan vəsaiti Ermənistanın dövlət büdcəsindən də artıqdır. Bundan başqa, Ermənistanın çox zəif olan maliyyə imkanları getdikcə daha da azalır. Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biridir. Belə ki, ÜDM-in həcminin 2012-ci ilin yekununda rekord səviyyədə - 15 faiz düşəcəyi gözlənilir. Dünya maliyyə qurumları ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 8 faizədək artacağını, cari hesab kəsirinin isə 13 faizi üstələyəcəyini proqnozlaşdırır. Belə imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət olacaq. Müharibə cəmi 1 ay davam etsə, Ermənistan iqtisadiyyatı bunun öhdəsindən gələ bilməz və ermənilər sadəcə acından ölərlər. Hərçənd Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 ay qədər uzun müddətə uzanmamasına kifayət edir".
Politoloq hazırda Ermənistan ordusunda 60 min əsgər və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malik olduğunu da söyləyərək bildirdi ki, ildə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir: "Aparılan araşdırmalara görə, əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilir. Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. Hərbi mənbələrin məlumatına görə, Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 20 min nəfərdir ki, bu qüvvələr 3 ordu korpusunda cəmləşdirilib. Beləliklə, göründüyü kimi, aparılan kiçik müqayisəli analizdən ortaya çıxan nəticə budur ki, Azərbaycan və Ermənistan həm hərbi, həm iqtisadi, həm də digər sahələrdə müqayisə ediləcək ölkələr deyil".
Aytən Səmədova