PDF Oxu

Sosial

  • 21

Avstraliyadakı Azərbaycan və türk diasporları Dağlıq Qarabağ məsələsi ilə bağlı parlament üzvlərinə məlumatlandırıcı məktub göndərib

Avstraliyadakı Azərbaycan və türk diasporları Dağlıq Qarabağ məsələsi ilə bağlı parlament üzvlərinə məlumatlandırıcı məktub göndərib

Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Avstraliyadakı Azərbaycan və türk diasporları Avstraliyanın Yeni Cənubi Uells ştatının Qanunverici Şurasının iclasında şura üzvü - millət vəkili Meri Fikkara (Marie Ficcara) tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağırışın yer aldığı təklifin irəli sürülməsi ilə bağlı qanunverici şura üzvlərinə və dövlət rəsmilərinə etiraz məktubu göndərib.

Qeyd edək ki, 50 təşkilat və 800-dək fərdi şəxs tərəfindən imzalanan məktub Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə göndərilib.

Məktubda yerli icma üzvlərinin məlum təklifdən narahat olduğu və təklifin nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin qətnamə və sənədləri ilə ziddiyyət təşkil etdiyi vurğulanıb: "Sözügedən təklif bəzi mətbuat orqanlarında bilərəkdən Yeni Cənubi Uels ştatının Azərbaycanın beynəlxalq səviyyədə suveren ərazisi kimi tanınan Dağlıq Qarabağ regionunun müstəqilliyini tanıması kimi təqdim edilib. Hazırda bu həlli uzanan hərbi münaqişə nəticəsində, Azərbaycan qaçqın və məcburi köçkünlərin ölkə əhalisinin sayına nisbətdə dünyada birinci yeri tutur. Bütün bunlar beynəlxalq insan haqları və humanitar təşkilatları, o cümlədən, BMT Baş Assambleyası tərəfindən qəbul edilən rəsmi sənədlərdə öz əksini tapıb. Dağlıq Qarabağdakı mövcud rejim nə beynəlxalq səviyyədə, nə Avstraliya hökuməti tərəfindən, nə də Ermənistanın özü tərəfindən tanınır. Bu halda, belə bir təklifin irəli sürülməsini münaqişənin xarakteri barədə düzgün məlumatın olmaması, erməni lobbi qruplarının, xüsusən, Avstraliya Ermənistan Milli Komitəsinin böhtan xarakterli təbliğat fəaliyyətinin nəticəsi kimi qiymətləndiririk. Bu təbliğat beynəlxalq ictimaiyyəti çaşdırmaq, türklərə qarşı qondarma soyqırım iddialarına dəstək qazanmaq, müxtəlif hərbi cinayətləri, o cümlədən, Xocalı soyqırımının törədilməsini ört-basdır etmək məqsədi daşıyır".

Bundan başqa məktubda Avstraliyanın hazırda Azərbaycanla yanaşı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu və regionda sülhün, sabitliyin və inkişafın bərqərar olması üçün öz imkanlarından istifadə edəcəyinə ümid ifadə olunur.

"Münaqişənin həssas vaxtında hər hansı təxribat xarakterli, birtərəfli və koordinasiya olunmamış fəaliyyətlərdən çəkinməyə çağırmaqla, biz Avstraliya qanunvercilərindən və hökumət rəsmilərindən ədalətli və konstruktiv mövqe gözləyirik. İnanmaq istərdik ki, qanunverici şura bu məsələ ilə bağlı araşdırma aparacaq və öz qərarlarında hər hansı lobbi qrupuna yox, rəsmi sənədlərə istinad edəcəkdir" - deyə məktubda bidirilib.

Qeyd edək ki, Avstraliya hökuməti Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb. Avstraliyanın Türkiyədəki, o cümlədən, Azərbaycan və Gürcüstanda akkreditasiya olunmuş səfiri İen Biqqs də Sidney şəhərində Azərbaycan və Türkiyənin Avstraliyadakı icmalarının nümayəndələri ilə görüşdə oxşar bəyanatla çıxış edib.

ZÜMRÜD

Digər xəbərlər