Roland Kobianın bəyanatı "İctimai Palata"da qalmaqal yaradıb
"İctimai Palata"nın ("İP") koordinasiya şurasının (KŞ) son toplantısında müxalifət yetkililəri arasında ciddi çaşqınlıq yaşanıb. Belə ki, həmin çaşqınlığa olan səbəblərdən biri Avropa Birliyinin (AB) ölkəmizdəki səfiri Roland Kobianın Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı müxalifətin ümidlərini alt-üst edən bəyanıtıdır.
Roland Kobia: "İlham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var"
Xatırladaq ki, ölkəmizdə gələn il keçiriləcək prezident seçkilərilə bağlı media nümayəndələri qarşısında öz fikirlərini bölüşən avropalı səfir vurğulayıb ki, AB olaraq onun təmsil etdiyi qurum seçkilərdə ən güclü namizədin qalib olacağı qənaətindədir. Bu namizəd isə məhz cənab İlham Əliyevdir: "...Seçkilərdə ən güclü namizəd qalib gələcək. Amma düşünürük ki, İlham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var, çünki O, xalq arasında tanınır...".
Məhz sözügedən bəyanatdan sonra tələm-tələsik toplaşaraq qalmaqallı müzakirələr aparan "İP" KŞ-nın üzvləri əslində bu addımları ilə çıxılmaz vəziyyətdə qaldıqlarını aşkar şəkildə nümayiş etdiriblər. Belə ki, müzakirələr zamanı R.Kobianın sərgilədiyi açıq mövqedən nəticə çıxara bilməyən dağıdıcı müxalifət təmsilçiləri üstəlik həmin bəyanatla bağlı AB-dən açıqlama da tələb ediblər (?).
"Namizədlərin sayının çox olmasını istəyirik"
Məsələ ondadır ki, AB rəsmisi islahatların aparılması zəruriliyindən də danışıb. Bu barədə qeyd edilib ki, AB namizədlərin sayının çox olmasını istəyir: "Avropa Birliyi olaraq biz, təbii ki, siyasi plüralizmin, demokratiyanın olmasını, islahatların aparılmasını, namizədlərin sayının çox olmasını istəyirik".
Göründüyü kimi, AB rəsmisi R.Kobianın siyasi plüralizm, demokratik dəyərlər, islahatlar, eləcə də, namizəd çoxluğu barədə fikirlərindən nəticə çıxarmaq mümkündür ki, o, əslində, siyasi ambisiyalar uğrunda bir-birlərinə qarşı barışmaz münasibət sərgiləyən müxalifət "liderlərinə" qarşı iradlarını bildirib. Belə ki, Kobianın məhz cənab İlham Əliyevin qələbə qazanacağı barədə açıq mövqe bildirməsinin ardınca digər namizədlərin çoxluğu barədə vurğulamasını müxalifətə tərəf istiqamətlənmiş eyham kimi qiymətləndirmək mümkündür. Çünki iqtidar rəsmiləri dəfələrlə namizədin kimliyi barədə bəyanatlar səsləndirsə də, müxalifət hələ də "vahid namizəd" məsələsi ətrafında ümumi razılığa gələ bilmir. Burada xüsusilə AXCP və Müsavat rəhbərliyinin "vahid namizədlik" uğrunda apardıqları barışmaz mübarizələrini göstərmək mümkündür. Çünki hər iki partiya "lideri" müxalifətin başqa təmsilçilərinin seçkilərdə iştirak etməsini istəmirlər, buna qarşı müxtəlif əngəllər yaradırlar. Bu kimi addımları isə R.Kobianın tövsiyyə etdiyi siyasi prüalizmə, demokratiyaya və islahatlara aid etmək mümkün deyil. Əgər sözügedən müxalifət düşərgəsində həqiqətən də demokratik dəyərlərə və islahatlara önəm verilirsə hazırda həmin siyasi dairələrdə ciddi fikir ayrılıqları, inhasarçı idarəçilik hökm sürməzdi.
Göründüyü kimi, AB rəsmisinin açıqlaması "palata"nın düşdüyü böhranlı vəziyyətini bir daha ortaya qoyub. Və əlbəttə ki, belə bir böhranlı vəziyyətlə dağıdıcı müxalifət nəinki demokratik islahatlar aparmağa, eləcə də istənilən seçkilərdə iştirak etməyə belə yararlı deyil. Müxalifət hətta seçkilərə "vahid namizədlə" qatılasalar belə, seçkilərdə xalqın rəğbətini qazanmaqdan məhrum olacaqlar. Bu amili artıq Avropanın əhəmiyyətli siyasi dairələrində də kifayət qədər dərk edirlər.
RÖVŞƏN NURƏDDİNOĞLU